"Futbolçularıma təşəkkür edirəm. Çox yaxşı mübarizə apardılar. Son turda gözlənilməz və məyusedici şəkildə uduzmuşduq. "Qarabağ" isə avrokuboklarda yaxşı oyunla vacib qələbə qazanmışdı. Amma buna rəğmən, oyuna istəkli başladıq. Rəqibə oyunboyu pressinq tətbiq edirdik. Yaxşı əks-hücumlarımız oldu. 90 dəqiqə ərzində rəqibə qol imkanı vermədik. Ən azından 1 xala layiq idik. Amma futbolda bəzən işlər istədiyimiz kimi getmir".
Apasport.az-ın xəbərinə görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransına çıxıb.
– Toni Qomes Antalya toplanışında özünü yaxşı tərəfdən göstərdi. Amma Premyer Liqa oyunlarında meydana ehtiyatdan buraxırsınız. Bunun səbəbi nədir?
– 2-3 futbolçumuz var ki, onları əsas heyətdə meydana buraxmaq istəyərəm. Amma rəqabət var. Hansısa futbolçuya hansısa keyfiyyətinə görə üstünlük veririk. Bu gün Rüstəm Əhmədzadəyə üstünlük verdik. İkisi arasında seçim edirdik. Toni soldan daha effektivdir. Orada rəqabət yüksəkdir. Toniyə daha çox şans vermək istəyirəm. Məşqlərdə də özünü yaxşı göstərir. Oyun elə gedirdi ki, dəyişiklik oyunu sındıra bilərdi. Ona görə sonda şans verdim. Rəqib böyük qüvvə ilə irəli atılmışdı. Müdafiəni düşünüb, əks-hücumlarda rəqibi yaxalamağa məcbur idik.
– Eldar Quliyevin çıxışı ilə bağlı fikriniz necədir?
– Eldar hələ hazır deyil. Son rəsmi oyununu noyabrın sonunda oynayıb. Toplanış da keçməyib. Bu gün şans verdim ki, çempionatımızı hiss etsin. Hərəkətli futbolçudur. Hücumları yaxşı bacarır deyə, fikirləşdim ki, həm müdafiədə, həm də əks-hücumlarda faydalı olar. Əslində effekt vermişdi. Bəlkə də qol epizodunda daha erkən zərbə vura bilərdi. Bu gün meydanda göstərdikləri məni sevindirdi.
– Eldar Quliyev gələcəkdə yerli pasportu ilə oynayacaq?
– Onu transfer etdikdə özünə də demişdim ki, yerli gözü ilə transfer etmirəm. 1 ildir ki, onu istəyirdim. Sevinirəm ki, bizə gəldi. Azərbaycanı seçib oynasa, bir azərbaycanlı kimi məni sevindirəcək. Legioner kimi də oynasa, buna özü qərar verəcək. İstəyərəm ki, millimizdə oynasın. İstedadlıdır. Son illərdə onun kimi istedadlı oyunçuları milliyə qazandırmışıq. Eldarın da onlardan biri olmasını istəyərdim.
– Yaradılan qol epizodlarından fərqlənsəydiniz, hər şey fərqli olacaqdı?
– Bilmək olmazdı. Bəlkə də "Qarabağ" daha da böyük qüvvə ilə irəli atılardı. Buradakı 1:7 hesabı ilə uduzduğumuz oyunda ilk qolu biz vurmuşduq. Bu cür komandalarla oyunda sonradan fərqlənmək daha yaxşıdır. Qurban Qurbanov heyətdə rotasiyalar edir. Nə qədər rotasiyalar etsələr də, güclü heyətə malikdirlər.
– Əvəzetmələri erkən etmək olmazdı?
– Nəticəyə görə dəyişiklik edən məşqçi deyiləm. Hər şey yaxşı gedirdi deyə, etmirdim.
– Demək olar ki, bu mövsüm "Qarabağ"a qarşı ən yaxşı oyununuzu oynadınız?
– Elə demək olar. Bu il onlara böyük hesabla uduzmuşduq, birində də heç-heçə etmişdik. Bu gün imkanlarımız da var idi. Əks-hücumlarımız olurdu. Son 7-8 oyunu yaxşı keçiririk. Bircə "Səbail"lə matçda zəif təsir bağışladıq.
– Hakimlikdən narazı qaldınız?
– Bugünkü hakimlikdən razı qaldım. Yaxşı hakimlik var idi. Ciddi iradım yoxdur. Epizodlara etiraz ediriksə, o demək deyil ki, ondan narazıyıq.
– Əsasən 4-cü hakimə etiraz edirdiniz...
– Əksinə. Mehriban dialoqumuz var idi.
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- "Şamaxı" I Liqa klubu ilə yoxlama oyunu keçirəcək
- Mahir Şükürov: "Bu biabırçılığa son vermək lazımdır" - Müsahibə
- PFL rəsmisi “İnter” - “Leyptsiq” matçına təyinat alıb
- “Sky sports”un tanınmış şərhçisi Bakıya gəlir