Rəşad Sadıqov: “Heç kim oyunun sonuna qədər təslim olmur”
06.10.2023 - 21:01
Rəşad Sadıqov: “Heç kim oyunun sonuna qədər təslim olmur”

Misli Premyer Liqasının 9-cu turunun “Zirə” – “Turan Tovuz” matçından (2:1) sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis matçla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə təşəkkür və təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır. “Turan Tovuz”la oyuna hazırlaşmaq çətindir, onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlıdır. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə oyunlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışa davam etmək istəyirik.

- Birinci dövrəni çempion kimi tamamlayacaqsız. Üstünlükləriniz və çatışmazlıqlarınız nə oldu?
- Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, komandanın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalıyıq. Fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda, stabil çıxış etməyən futbolçulardır. Onlardakı gərginlik normaldır. Özümüz də bilirik ki, hansı futbolçulara güvənirik. Onlara güvənirəm. Sadəcə zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınılar. Birinci yerdə olanda, bu, komandaya əlavə təzyiq yaradır. 4-5-ci yerdə olanda, meydana çıxmaqla eyni şey deyil. Bəzən həyəcanlı olurlar. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq.

- Rüstəm Əhmədzadə haqda fikriniz nədir?
- Bugünkü oyuna görə qiymət veririksə, Rüstəm ən yaxşı oyunçumuzdur. Toplu və topsuz çox yaxşı idi. Ondan çox razı qaldım. Belə davam edərsə, potensialını tam açacaq.

- Vladislav Kulaçda problem xroniki zədədir?
- Kulaç 3-4 oyundur ki, matçlarda iştirak etmir. Son oyunda da məcburiyyətdən meydana buraxdıq. Tam hazır deyil. Ağrılar hiss etdi. Düşündük ki, pauza verək. Bizim üçün böyük itkidir. Heyətimizdə ən karyeralı futbolçudur. Şükürlər olsun ki, Filip yaxşı oynayır. Rəqib müdafiəsində təzyiq yaradırdı. İstəyərəm ki, Kulaç tez bir zamanda komandaya qayıtsın.

- Sanki keçənilki ssenari təkrarlanır, ötən mövsüm Sərtan Taşkın, bu mövsüm Qismət Alıyev bombardirdir...
- Hücumçulara diqqət daha böyük olur, müdafiəçilər onlara daha yaxın dayanır. Müdafiəçilər isə daha avantajlıdır. Buraxdığımız qoldan sonra Qismət yəqin özünü günahlandırırdı. Bundan sonra qol vurmaq xarakter tələb edir. O, özünü əsl kapitan kimi apardı. Buraxılan qoldan məyus olmadı, qələbə qolunu vurdu.

- Eldar Quliyev ilk dəfə ehtiyatda qaldı. Ondan narazı idiz?
- Beş gün əvvəl oynamışdıq. Çox ağır oyun olmuşdu. Həmin gün 90 dəqiqə meydanda olanlar çox yorulmuşdular. Rotasiyalar etmişdik. 14-15 aktiv futbolçular var ki, onlarla rotasiya edirik. Dəyişiklik olanda isə zəif performansla bağlı deyil. Bəzən rəqibə uyğun taktiki gediş edirik. Sonradan meydana daxil olanlar fəallıq göstərdilər. 

- İkinci dövrəyə də, lider kimi yollansanız, artıq çempionluq haqda düşünəcəksiz?
- İndi qarşımıza hansısa fərdi nəticə qoymaq ancaq zərərimizə işləyər. Çempionatda çempionluğa oynayan komandalar var. Amma bizim əsas hədəfimiz mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdı. Rəhbərlik qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyub. Bu kubokdan da ola bilər, 1-ci yerlə də, üçüncü yerlə də. Belə şey yoxdur ki, mütləq çempion olmalıyıq, ikinci. Elə məqsəd yoxdur. Hər oyuna yaxşı hazırlaşıb, yüksək yerlər uğrunda mübarizə aparırıq.
 

0