Rəşad Sadıqov: “İki-üç saat oynayacağıq?”
21.08.2022 - 23:18
Rəşad Sadıqov: “İki-üç saat oynayacağıq?”

"Maraqlı oyunun şahidi olduq. Qol epizodlarımız var idi. İstifadə edə bilmədik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Misli Premyer Liqasının III turunun “Sumqayıt”la matçından sonra mətbuat konfransında iştirak edib. O, qolsuz bitən qarşılaşmaya şərh verib: “Rəqib "Qarabağ"a ciddi müqavimət göstərmişdi. Əks-hücumlara çıxırdılar. Rəqibin əks-hücumlarının qarşısını aldıq, oyuna nəzarət edən tərəf biz idik. Son vuruşlarımız dəqiq alınmadı. Futbolçulardan razıyam. Oyunu davam etdirib, üzərinə də qoysaq, hər hansı problem yaşamayacağıq”.

Sadıqov VAR haqqında da fikirlərini bildirib: “Keçən il də deyirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacağını hiss edirəm. Bu da isbat edildi. Baş hakimə həmin epizoddan qabaqkı epizod göstərilmirdi. Böyük elm lazım deyildi axı. Yarım saniyə tutuzdurulmuşdu ki, həmin epizod olmadı. Altı dəqiqə VAR-a görə dayanmaq olar? İki-üç saat oynayacağıq?. 80-cı dəqiqədir, oyunun sonlarıdır, 6 dəqiqə pauza verirsən, rəqib istirahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqayıt" əks-hücuma çıxdı. Nəsə, qərar verilməlidir. 2-3 dəqiqədən çox olmamalıdır. Ondan sonra get üstünlük yarat da. Rəvan Hamzəzadə danışanda, toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəlilər qoyulsun. Həlledici rol oynayırlar. Oyunda bu qədər pauzalar olmamalıdır”.

Mütəxəssis  Təmkin Xəlilzadə və İlkin Muradovun göndərilməsi barədə də danışıb: “- Müəyyən şeylər var ki, açıq müzakirə etmək olmur. Onu deyim ki, bütün futbol camiəmız hər ikisinə çox etimad göstərdiyimi bilir. Son illərdə bu iki futbolçuya mənim qədər etimad göstərən olmamışdı. Müəyyən səbəblər var idi ki, danışdıq, belə qərar qəbul etdik. Yaxşı futbolçulardı, komandamda görmək istəyərdim. Amma müəyyən səbəblər var ki, bu addımı atmağa qərar verdik.  Mövsümün ortasında belə qərar verilirsə, demək ki, başqa məsələlərdi. Performansla bağlı deyil”.

Sadıqov hakimlərlə də mübarizə aparmaqları barədə sualı da cavablandırıb: “Bu məsələlər yorucu səviyyədədir. Hakim səhvi hər yerdə olur, xeyrimizə də ola bilər. Çox olur epizodlar. Amma qabartmıram. Elə epizodlar var ki, hakim bir saniyə epizodu niyə geriyə çəkmir? Ona da baxmaq lazımdır. Özü də VAR-da oturub. Elə kəsilmişdi ki, həmin epizod... Ötən mövsüm haqsızlıqlar olmuşdu. Hakim səhvləri var idi, amma qabartmırıq. 30 ildir futboldayam və baxıram ki, hansısa epizodda hakim səhv edə bilər. Rəvan Həmzəzadə altı dəqiqə nə danışır? Mən eşidirdim, Rəvan nə danışırdı. Amma VAR-dakı hakim tələb etdi”.

Baş məşqçi Təmkin və İlkinin icarəyə verilməsi məsələsinə də toxunub: “Klub rəhbərliyi qərar verəcək. Hər ikisinə xeyli şans vermişik.  Qarşılığında da nələrsə olmalıdır. Heç bir qarşıdurma yoxdur. Ailə kimiyik, hamısına böyük qardaş olmuşam. Xüsusilə də yerlilərlə. Qayğı göstərmişəm və qarşılığında müəyyən şeylər gözləyirəm. Onu almadıqda məyus olursan. Yol göstərirsən, söhbət edirsən. Kriteriyalarına, tələblərinə uyğun gəlmirsə və uzun müddət davam edirsə, qərar qəbul edirsən. Sol müdafiəçi axtarıram. Təkcə, Slavik Alxasovdur. Özüm üçün də çətindir. Onsuzda transfer etmək çətin məsələdir”.

Sadıqov “Sumqayıt”ın müdafiədən oynamasına münasibət bildirib: “Bu qədər müdafiədən oyun quracaqlarını gözləmirdim. Çünki heyətlərində yaxşı futbolçular var. "Qarabağ"a qarşı uğurlu alınmışdı oyun planları. Ona görə də buna hazır idik. Heyət də demək olar ki, eyni idi. Dominant idik, sadəcə nəticəyə çevirə bilmədik. Yetərincə təcrübəm var. Bilirəm ki, oyun yoxdursa, çətindir. Amma oyun varsa, nəticə olacaq. Rahat olmaq lazımdır, oyunumuzu düzəltsək, hər şey yerini tapacaq. Hücumçunun lazın olub-olmaması üçün gedişata baxırıq. Sərbəst oyunçular da olur. Əgər hücum xəttini gücləndirəcək oyunçu təklif olunsa, razılıq əldə edilsə, istəyərik. Oyunların sayı çoxdur. Mütləq heyəti genişləndirmək lazımdır”.

0