Rəşad Sadıqov: “Musanın günü idi, nə edirdisə, alınırdı” - VİDEO
18.09.2022 - 23:52
Rəşad Sadıqov: “Musanın günü idi, nə edirdisə, alınırdı” - VİDEO

“Çox danışılacaq şey yoxdur. Rəqib bizdən açıq-aşkar üstün idi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Misli Premyer Liqasının VII turunun “Qarabağ”la görüşündən sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Birinci hissədə oyun düşündüyümüz kimi gedirdisə, ikinci hissədə bunun əksini gördük. Yekunda da böyükhesablı məğlubiyyət oldu”.

Sadıqov məğlubiyyətin səbəblərinə də toxunub: “Bir çox səbəblər var. “Qarabağ” bu gün böyük istəklə, motivasiya ilə oynayırdı. Adətən belə periodda – oyunlar ardıcıl olanda “Qarabağ”da boşluqlar görürdük. Amma bu gün istəkli, motivasiyalı idilər. Bizim də 43-cü dəqiqədə elə qol buraxmağımız bizə psixoloji zərbə oldu, rəqibdə özünəinamı artırdı. Komandalar ikinci hissəyə fərqli psixoloji durumda çıxırlar. Top itkilərimiz, kobud səhvlərimiz oldu, ikili mübarizələrdə uduzduq. Bu da gətirib böyükhesablı nəticəyə çıxardı. Rəqibin qaçırdığı bir dənə qol epizodu oldu, onu da Ramil Şeydayev vura bilmədi. 8 qol imkanı yaratdılar və yeddisi qolla nəticələndi. “Qarabağ”ın hər qarşılaşmada, avrokuboklarda da 7-8, bəzən 9 qol imkanı yaranır. Onların iki ya üçündən istifadə olunursa, yaxşı göstərici sayılır. Bu gün nə vurdularsa, qol oldu. Şeydayevin epizodundan başqa “Qarabağ”ın qaçırdığı imkan yadımda deyil. Bu gün onların hücum xəttindəki oyunçular çox dəqiq idi. Nəticəsi də belə oldu”.

Sadıqov “Nant”la avrokubok matçından sonra “Qarabağ”dan belə mübarizə gözləmədiyini bildirib: “Təbii ki, biz də düşünürdük ki, ardıcıl oyunlar keçirən “Qarabağ”ın müəyyən çətinlikləri olacaq. Əvvəllər də belə görmüşük. Amma bu gün “Qarabağ” qarşısıalınmaz idi. Çox yaxşı oyun nümayiş etdirdilər. 1:3-dən sonra oyun qopdu. Üçüncü qola qədər hər hansı müqavimət göstərirdiksə, bu topdan sonra komanda qopdu. Müəyyən dəyişikliklər etdik ki, hesab daha böyük olmasın. Amma yenə böyük hesabla məğlub olduq”.

Sadıqov 1:7 hesablı məğlubiyyəti uğursuz gün yaşamaqları ilə də bağlayıb: “Rəqib cərimə meydanında topu belə rahat qəbul edirsə, həm müdafiədə boşluq var, həm də Musanın günü idi. Nə edirdisə, alınırdı. Hər komandanın uğurlu, hər birinin də uğursuz günü olur. Bu gün ikisi bir-birini tapmışdı. Bizim uğursuz, “Qarabağ”ın çox uğurlu günü idi”.

Mütəxəssis oyunu dəyişmək cəhdlərinin alınmamasını da qeyd edib: “Əslində, ilk hissədə düşünürdük ki, qapalı oynayıb, əks-hücumlara bel bağlayaq. İkinci hissəyə də planımız belə idi. Bunu hücumameylli futbolçularla etmək istədik. Birinci hissədə topla heç nə alınmırdı. Qol vursaq da, hesab istədiyimiz kimi olsa da, düşündüyümüz oyun planı işləmirdi. Artıq 35-40-cı dəqiqədən sistemi dəyişdik. Buna uyğun dəyişikliklər edib hücum xəttini gücləndirməyə çalışdıq. Daha gümrah oyunçular buraxdıq ki, həm müdafiədə, həm hücumda aktiv olsun. Amma əks effekt verdi”.

“Zirə”nin baş məşqçisi zədəlilərdən də danışıb: “Qismət zədəli idi. Komanda ilə məşq etməyib. Həkimlər 25-30 dəqiqə oynaya biləcəyini dedi. Onu meydana buraxdıq. Hamidu Keyta da zədəli idi. Yalnız bir məşq etmişdi. Hesab 1:4 olandan sonra onu çıxardım ki, risk etməyək. İkisi də dünən fərdi hazırlıq keçib. “Səbail”lə görüşdən sonra ikisi də zədələnmişdi”.

Sadıqov əksər oyunçulardan narazı qalıb: “Tək Dmitrios Çantaklias deyil, bir çox futbolçular ən zəif oyununu keçirdi. Həm onlar zəif keçirdi, həm də rəqib onları buna vadar etdi. “Qarabağ” çox sürətli, dinamik oynayırdı. Mənim oyun fəlsəfəmdə mərkəzdən cərimə meydanına asma yoxdur. Verdiyin tapşırıqlar deyil, futbolçunun öz fikrindəkilər yerinə yetiriləndə nəticə belə alınır. Demək olar bütün futbolçular performansdan aşağı çıxış etdilər”.

Mütəxəssis qarşıdakı iki oyunu düşündüklərini bildirib: “Hər məşqçinin karyerasında 1-2, ya 3 böyükhesablı məğlubiyyət olur. Mən də həmişə özümü hazırlayırdım ki, bu, baş verə bilər. Bu gün də oldu. Daha güclü olmalı, daha güclü qayıtmalıyıq. Çünki bizi dövrənin iki həlledici oyun gözləyir. Ümidli idik ki, bəlkə bu bugünkü oyundan xal qazanaq, rəqibin səhvlərindən istifadə edib qalib gələ bilərik. Amma reallıq o idi ki, “Qarabağ” bizdən iki, üç baş güclü idi. Burda xal qazanmamaq ehtimalımız var idi. Bizim üçün bundan sonra “Turan Tovuz” və “Şamaxı “ ilə qarşılaşmalar vacibdir. Yəni birinci dövrənin son iki matçı. Maksimum çalışacağıq ki, həmin görüşlərdə istədiyimizi əldə edək”.

Çalışdırıcı “Qarabağ”ın Avropa Liqasındakı çıxışına da münasibət bildirib: “Möhtəşəm. “Qarabağ”ın fəlsəfəsi elə olub ki, həmişə oyundan-oyuna düşünüblər. İndi də eyni mental hazırlıq getdiyini düşünürəm. Komanda növbəti matça – “Olimpiakos”la görüşə hazırlaşacaq. Futbol camiəsinin qrupdan çıxmaq barədə söhbətlər etməsinin “Qarabağ”a heç bir faydası yoxdur, zərərdən başqa. Yaxşı olar ki, komanda növbəti oyuna hazırlaşdığı kimi azarkeşlər, futbol ictimaiyyətimiz növbəti matçdan danışsın, qrupdan çıxmaqdan deyil”.

Qeyd edək ki, “Zirə” – “Qarabağ” oyununda qonaqlar 7:1 hesablı qələbə qazanıb.

0