Rəşad Sadıqov: “Növbəti iki xalı itirdik” - MÜSAHİBƏ
12.05.2023 - 21:32
Rəşad Sadıqov: “Növbəti iki xalı itirdik” - MÜSAHİBƏ

“Planlaşdırmayan növbəti iki xalı itirdik”.

Misli Premyer Liqasında XXXIV turunun “Zirə” – “Kəpəz” matçından sonra Rəşad Sadıqov oyunla bağlı danışarkən söyləyib.

Bakı klubunun baş məşqçisi nəticədən məyus qalıb: “Hər iki komanda yaxşı mübarizə apardı, hər iki komanda sürətli oyun oynamağa çalışırdı. Həm biz, həm onlar qələbəyə köklənmişdi. Alınmadı, bunu həyata keçirə bilmədik. Məyusuq”.

- Qələbə üçün nə çatmadı? 
- Hücumda dəqiqlik, müdafiədə isə daha diqqətli oynamaq lazımdır. Qələbə üçün adətən çatışmayan məqamlar bunlar olur. Bu gün də ilk hissədə qol şanslarımız var idi. Ləğv olunan qolumuz zamanı santimetrlik ələ toxunuş qərarı çıxarıldı. Rəqibin vurduğu qol... Bütün həftəboyu əsas təhlil etdiyim məqam rəqibin standart vəziyyətlərdən vurduğu qollar idi. Standart vəziyyətlərdən qayıdan toplardan dörd-beş dəfə fərqləniblər. Bunun üzərində çox dayandıq, yetərincə danışdıq. Hətta bugünki toplantımızda standart vəziyyətlər zamanı ikinci top üzərində dayanmışdıq. "Turan Tovuz"la oyunda buraxılan qolu futbolçulara izlətdik. "Kəpəz"in bu baxımdan təhlükəli olduğunu bilirdik. Təəssüflər olsun ki, futbolçular bu məsələdə tapşırığımı tam diqqətə almayıb, səhvə yol verdilər. Çox məyusedici məqamda, ilk hissənin son dəqiqələrində qol buraxdıq. Qələbə qazana bilməməyimizdə həmin qolun rolu böyük oldu.

- Vladislav Kulaçın zədəsi nə yerdədir? 
- Təbii ki, hücumda əsas qol silahın zədələnib meydanı tərk edirsə, böyük itkidir. Həm psixoloji cəhətdən, həm də oyun keyfiyyəti baxımından belədir. Son zamanlar qollarımızı Kulaç vururdu, ötürmələrlə yadda qalırdıi. Komandamızda hücum xəttində çatışmayan oyunçu idi. Mövsümün sonunda, vacib məqamda zədələndi. Ümumiyyətlə, hər dəfə "Kəpəz"lə oyunlarda nəsə hadisə baş verir. Buna qədər üç dəfə qarşılaşmışdıq. Qırmızı vərəqələr olmuşdu. Bu dəfə isə aparıcı oyunçumuz zədələndi. Amma bu amil qələbə qazanmağımıza mane olmamalı idi. Üç xal qazanmalı idik. Amma alınmadı.

- Bəs qalan matçlarda oynaması mümkündür? 
- Yəqin ki, onun üçün mövsüm bitib. Çünki iki həftə qalıb və qısa müddətdə hücumçumuz zədəsini tam sağalda bilməyəcək.

- Həkimlərinizə etiraz etdiyiniz məqam oldu. Səbəb nə idi? 
- Yox. Bir məqamı əvvəldən müzakirə etmişdik ki, rəqib hücumda olduğu zaman, xüsusilə də stoperlərimiz zədə alarsa, meydana girməyə tələsməyin. Pauza götürmək lazımdır. Referi çağırsa belə, bu cür hərəkət edin. Bu tapşırığı vermişdim ki, bəlkə futbolçumuz ayağa durar. Onsuzda ikinci mərtəbədə problem yaşayırıq. Elə də oldu. Ola bilsin həkim bu amili unutdu. Cəld meydana girmək istəyəndə, mən onu saxladım. Sonra nə oldu? Nemanya Ancelkoviş ayağa qalxıb, matça davam etdi. Həmin məqama etiraz edirdim.

- Sona iki tur qalıb və avrokuboklara vəsiqə qazanmağınız daha da mürəkkəbləşdi. "Zirə" Avropa kuboklarına vəsiqə qazanmasa, bu, sizin üçün nə demək olacaq? 
- Əlbəttə ki, çox məyusedicidir. Bu məsələni müzakirə etmişik, ola bilsin bu mövsüm məqsədimizə çata bilmərik. Çünki müəyyən xal itkilərindən sonra onsuz da vəziyyətimiz çətin idi. Şansımızın sona qədər davam etməsi üçün "Turan Tovuz" və "Kəpəz"lə ev oyunlarında mütləq şəkildə qələbə qazanmalıydıq. Bu oyunlarda da qələbə qazana bilmirsənsə... Belə məqamda qalib gələrək irəlidəki rəqibi təzyiq altında saxlamaq olardı. Çünki əsas rəqimiz “Qəbələ”nin "Turan Tovuz"la oyunu var. Amma bu gün də xal itirib, qalib gələ bilmirsənsə, rəqib üçün böyük üstünlük yaradırsan. Təqvim də çətindir. Gələn tur səfərdə "Sabah"la qarşılaşacağıq. Xal fərqi var və "Qəbələ" ilə aramızdakı görüşlərin üstünlüyü onların tərəfindədi. Buna baxmayaraq, sona qədər mübarizəmizi aparacağıq.
 

 

0