Rəşad Sadıqov: “Qol imkanlarımızdan istifadə edə bilmirdik”
07.04.2023 - 19:33
Rəşad Sadıqov: “Qol imkanlarımızdan istifadə edə bilmirdik”

“Oyunu şərh etmək bir az çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

41 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə səfər oyunundan sonra mətbuat konfransında iştirak edib. O, 1:2 hesablı məğlubiyyətə şərh verib: “Bilirdik ki, ağır oyun olacaq. Hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarımız var idi. İstifadə edə bilmirdik. Sonradan qapımızda qol gördük. Ondan sonra yaxşı futbola davam edib, hesabı gözəl qolla bərabərləşdirdik. Sonda diqqətsizlikdən rəqib fərqlənib qələbə qazandı. "Qəbələ"ni təbrik edirəm. Biz də qələbə qazanmaq istəyirdik. Amma rəqib qazandı”.

- Uğursuz seriyanı dayandırmaq cəhdiniz niyə fayda vermədi? Hər halda "Qəbələ" sizdən çox uzaqda idi, amma indi sizi turnir cədvəlində keçdi...
- Yaxşı başlamışdıq, oyun da yaxşı gedirdi. Buraxdığımız qollara şərh tapa bilmirəm. Bilmirəm, hansısa klub bu qədər şərhsiz qollar buraxsın. Futbolun kənarındadır buraxılan qolların şərhi. Təhlükə olmayan yerdə qollar buraxırıq. Bu gün başqa nə etmək lazım idi ki, "Qəbələ"ni məğlub edək, bilmirəm. Qol epizodlarımız var idi, boş qapı epizodu da oldu. Əla oyun gedirdi, birdən o cür qol buraxdıq. Bununla necə mübarizə aparacağımızı bilmirəm. İnanmıram ki, hansısa klub bir il ərzində bu qədər bu tip qollar buraxsın. Buraxdığımız qolların 80 faizinin şərhi yoxdur. Futbol baxımından şərhi yoxdur.

- Yanvarda heç olmasa hansısa qapıçını transfer etmək olmazdı?
- Rəqabəti artırmaq üçün qapıçı axtarışlarımız var idi. Amma tam istədiyimiz, düşündüyümüz qapıçı olmadı. Olsaydı, həmlə edəcəkdik. Burada yerli limiti məsələsi var. Sol cinah müdafiəçisi və qapıçı da legioner olsaydı, meydanda 4 yerli oynatmaq çətin alınacaqdı.

- Futbolçuların fərdi ustalıq səviyyəsi buraxdığınız qollarda nə qədər təsir edir?
- Heyətimizdən narazı deyiləm. Nə desəm, boş olacaq. Bu günüə qədər fikir axtarırdıq, söz ifadə edirdik. Deyəcək söz yoxdur. Nə desəm, boşuna olacaq. Hesabda irəli çıxsaydıq, tam fərqli oyun gedəcəkdi. Heç bir təhlükə olmadan qol buraxırıq. Top Anarın əlindədir, düşür yerə, qol olur. Çox qəribədir. Bu vəzifədəyəm, səbir edib, işimə də davam edirəm. Şərh tapa bilmirəm artıq. Nə özüm üçün, nə də cəmiyyətə deyəcək.

- Ümidsizlik var?
- Ümidsizlik mənə xas olan bir şey deyil. Sona qədər mübarizə aparacağıq. Əslində kubokda da elə gətirdi ki, psixoloji cəhətdən üzərimizə basqısı oldu. Kubokdan məyusedici şəkildə kənarda qaldıq. Dördüncü yerin özünün necə olacağı bilinmir. Hamını sarsıtdı. Ümidsizlik ola bilməz, sona qədər mübarizə aparacağıq. Məncə, sonda liqanı ən azından dördüncü yerdə bitirə bilərik.

- Dördüncü yeri tutmasanız, heyətdə dəyişikliklər olacaq?
- Ümumiyyətlə, dördüncülük olmasa, hansısa uğur olmadıqdan sonra, tək heyət deyil, tutduğun öz vəzifən haqda da düşünməlisən. Mənim özüm üçün də yer tutmaq, nəticə vermək çox önəmlidir. Əgər hansısa uğursuzluq olsa, rəhbərliklə oturub danışacağıq. Gələcəyi və problemləri necə görürük, onları müzakirə edəcəyik. Təbii ki, problemlər mənlə bağlı olsa, mən  heç yerdən ikiəlli yapışmamışam və yapışmayacağam. Bu həmişə belə olub, belə də olacaq. Ümumiyyətlə, bu dəqiqə şərh vermək zamanı deyil. Bu dəqiqə bütün fikrimiz dördüncü yer uğrunda mübarizədədir. Nəticə olmadıqdan sonra, istər futbolçu, istərsə də məqşçi olsun, hamısı nəzərdən keçirilən məqamlardır.

Qeyd edək ki, “Zirə” bu məğlubiyyətdən sonra turnir cədvəlində 5-ci pilləyə düşüb. 

0