“Standart vəziyyətdən qol buraxdıq”.
Apasport.az saytı xəbər verir ki, bunu mövsümdə ilk məğlubiyyətini alan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Misli Premyer Liqasının V turunda “Qəbələ”yə 1:0 hesabı ilə uduzan liderin çalışdırıcısı nəticədən mətus olduqlarının bildirib. Sadıqov rəqib komandanın çıxışını son döyüş adlandırıb: "Maraqlı və gərgin oyunun şahidi olduq. Hər iki komanda qələbə üçün mübarizə aparırdı.İlk hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissdə fərqli "Zirə" gördük. Sadəcə olaraq son vuruşlarda dəqiqlik çatmadı. Buradan 1 xalla ayrıla bilərdik. Məyusuq".
- Ötən mövsüm "Qəbələ"yə 4 oyunun 2-də uduzmuşduz. Rəşad Sadıqov Elmar Baxşıyevlə bacarmır, yoxsa "Zirə" "Qəbələ" ilə?
- Ümumiyyətlə, son mövsümlərdə "Qəbələ" ilə oyunlarımız nəticə baxımından uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynamışıq. Bu gün seçim imkanım olsaydı, "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib son döyüşə çıxacaq. İstəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik. Alınmadı, təhlil edəcəyik.
- İlkin Muradovun əsas komandada olmamasının səbəbi nədir? Onu cəzalandırmısız?
- Cəzalandırmaq deməzdim. İlkin komandamızdadır. Performansı ilə bağlı belə qərar vermişik. Növbəti turlarda onu meydanda görə bilərik, amma komandadan gedişini də mümkündür.
- Onun problemi nədir?
- Elə məsələlər var ki, media qarşısında danışa bilmərik. Bəzi problemlər var. Həll etməyə çalışırıq.
- Qismət Alıyevə meydanda hansı tapşırıq verilmişdi?
- Bilirdik ki, keçmişdə bu mövqedə oynayıb. İsmayılın itkisindən sonra yerli oyunçu ilə bağlı problem yaşayırıq. Buna görə belə qərar verdik. Bu mövqedə də yaxşı oynadı.
- Milli komandaya "Zirə"dən kimlərin çağırılacağını gözləyirsiz?
- Yəqin ki, “Zirə”dən çağırılanlar əsas heyətdə oynamayacaqlar. Mən məşqçi olaraq istəyərdim ki, getməsinlər, bizimlə birlikdə hazırlaşsınlar. Amma dəvət alsalar, futbolçular canla-başla gedəcəklər.
Rəşad Sadıqov: “Qola reaksiya verə bilmədik” - VİDEO
02.09.2023 - 20:32
0
0