“İlk turlar hər zaman çətin keçir. İsti hava futbolçulara mənfi təsir edir”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
40 yaşlı mütəxəssis Misli Premyer Liqasının “Kəpəz”lə açılış oyunundan sonra mətbuat konfransına qatılıb. Sadıqov 2:1 hesablı qələbə haqda fikirlərini bölüşüb: “Xüsusilə avrokubok matçlarından sonra çempionata keçid edəndə çətinlik çəkirsən. Rəqib çox yaxşı mübarizə apardı. "Kəpəz" hər zaman xarakteri ilə seçilib. Yaşar Vahabzadə təcrübəsi ilə fərqlənir. Müdafiədən oyun qurmaqda ustadır. Sərtan Taşkını cinaha atdıq və son dəqiqələrdə yorğunluğa baxmayaraq qələbə qolunu vurduq. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıdakı görüşlərə daha ciddi hazırlaşacağıq”.
Sadıqov azlıqda qaldıqdan sonra meydandan xalsız ayrılmanın mümkünlüyünü də istisna etməyib: “Hətta ağlımdan məğlubiyyət ehtimalını da keçirirdim. Bizdə hər zaman heyətə baxılır. Amma belə deyil. "Kəpəz"in yorulacağəını düşünürdüm. Amma sonadək mübarizə apardılar. Hətta ikinci qolu da vurdular. Sadəcə, ofsayd oldu. Bu gün uduza da bilərdik. Futbolçular sağ olsunlar, qələbə qazandılar”.
“Zirə”nin baş məşqçisi transfer məsələlərinə də toxunub: “Büdcə ayrılıb, sadəcə, seçimlərlə bağlı yubanırıq. Avropa bazarında qiymətlər yüksəlib. İstədiyimiz oyunçuları almaq istəyirik. Alternativ planlarımız da var. Bir az da səbir edib gözləmək niyyətindəyik. Danışıqlarımız davam edir. Qarşıdakı günlərdə bununla bağlı rəhbərliklə görüşümüz olacaq. Ötənilki qiymətə futbolçu gətirə bilmədik. Toplanış vaxtı Türkiyədə 3 klubla eyni oteldə qalırdıq. Əllərində böyük pulla transferlər etməkdə çətinlik çəkirdilər. Orada da başa düşdüm ki, transfer bazarında nə dərəcədə çətinlik var. Futbol belədir. Hər şeyə hazır olmalı və çıxış yolları tapmalıyıq. Bir tərəfdən sevinirəm ki, yerlilərə şans verirəm”.
Mütəxəssis ilk dəfə Premyer Liqada tətbiq olunan VAR sistemindən də danışıb: "Oyunda çox pauzalar oldu. Qol vurandan sonra axıra qədər sevinmirdim. Amma buna alışmalıyıq. Ötən mövsüm yaşadığımız hakim səhvlərinə görə VAR-ın gəlməsini istəyirdik. Ümid edirəm ki, futbolumuza çox xeyri dəyər. Burada niyyət önəmlidir. Çantaklias VAR-ın nəticəsini gözləmək üçün paltardəyişmə otağına yox, meydanın kənarına gəldi”.
Sadıqov Cəlal Hüseynovun klubdan gedişinə də aydınlıq gətirib: “Müdafiə xəttində rəqabət böyükdür. Qalsaydı da, oynayacaqdı. Amma indi elə yaşıdır ki, daha çox şans qazanmalıdır. 3-4 klubdan təklifi var idi. Sonda "Şamaxı"nı seçdi. Cəza və zədə almadığı müddətdə bölgə klubunda 36 oyun keçirmək şansı var”.
Mütəxəssis çempionatda rəqabət gözlədiyini vurğulayıb: “Hər komanda ən azından avrokuboklara düşmək istəyir. Biz də bunu hədəfləmişik. Amma mövsümün əvvəlidir, indidən proqnoz vermək çətindir. Bu il də medalçılar sırasında olmaz istəyirik. Lakin rəqiblərimiz də güclənib. Aydın məsələdir, favorit "Neftçi" və "Qarabağ"dır. Biz də əlimizi yanımıza salmayacağıq”.
Sadıqov “Neftçi”nin “Rapid”lə Konfrans Liqasındakı görüş barədə fikirlərini, həm də “Qarabağ”la mərhələ adlamaq şanslarını açıqlayıb: "Neftçi" dünən ev oyununu möhtəşəm keçirdi. Təəssüf ki, son saniyələrdə qol buraxdılar. Amma hesabda üstündürlər və yaxşı formadadırlar. "Qarabağ"ın "Neftçi" kimi hesab üstünlüyü yoxdur. Amma şanslar bərabərdir. Hər iki komandaya uğurlar arzu edirəm. Mərhələni adlamalarını istərdim”.
Çalışdırıcı PFL-dəki dəyişikliklərdən də danışıb: “Açığı, yeni sponsor və Ramin Musayevin istefası barədə düşünməmişəm. Çünki işlər çoxdur. Bu yay istirahət edə bilməmişəm. İstərdik ki, hər şey futbolumuzun xeyrinə olsun. Ramin Musayevə xidmətlərinə görə təşəkkür edirik, yeni PFL prezidentinə isə uğurlar arzulayırıq".