Rəşad Sadıqov: "Uşaqların əziyyətinə heyfsilənirəm" - VİDEO
15.03.2023 - 23:03
Rəşad Sadıqov: "Uşaqların əziyyətinə heyfsilənirəm" - VİDEO

"Oyuna yaxşı başladıq. İlk yarını yaxşı səviyyədə keçirdik. Rəqibə başını qaldırmağa imkan vermirdik. Təhlükəli hücumlarımız var idi. Təəssüflər olsun ki, nəticəyə çevirə bilmədik. 2-ci yarıda da, təəssüf ki, neçənci dəfədir autdan qapımızda qol görürük. Yenə də ucuz qol buraxdıq. Rəqibin ilk təhlükəli hücumu qolla nəticələndi. Sona qədər mübarizə apardıq. Bəlkə də nəticəni çevirə bilərdik. 1 qol lazım idi. Onu vura bilmədik. Futbolçular sona qəıdər yaxşı mübarizə apardılar. Onların çıxışından çox narazı ola bilmərəm".

Apasport.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXVII turunun "Sabah"a öz meydanında 0:2 uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

– Rəhim Sadıqov və Rüstəm Əhmədzadə sanki laqeyd yanaşır epizodlara...
– Elə məsələlər var ki, sırf xarakterlə bağlıdır. Hər hansı futbolçumda laqeydlik hiss etsəm, tədbir görərəm. Rəhimdən və Rüstəmdən çox razıyam. Oyunda da, məşqlərdə də istəklidirlər. Ola bilər ki, hansısa epizodda yorğunçuluq olur. Amma dediyiniz kimi olarsa, etiraf edərəm.

– Amin Seydiyevə 2 epizodda qırmızı vərəqə verilə bilərdi. Həmin epizodları necə şərh edərdiniz?
– Şərh vermək istəmirəm.

– Oyunun gecə vaxtı keçirilməsi sizə necə təsir etdi?
– Əksinə. Dinamik, sürətli oyun getdi. Bu saatlarda oynamaq yaxşıdır. Futbolçular belə vaxtda özünü daha gümrah hiss edirlər. Sanki beynəlxalq oyuna hazırlaşırdıq. Belə ab-hava var idi. Rəqib də beynəlxalq səviyyədə idi. Uşaqların əziyyətinə heyfsilənirəm. Yaxşı nəticə ola bilərdi. Rəqibin heyətindəki usta futbolçular matçı həll etdi.

– Hakimlər haqda danışdıqda sizə qarşı daha qəzəbli olurlar, yoxsa yaxşı təsir göstərir? 
– Biz ona görə danışmırdıq ki, hakimlər səhv etməsin. Epizod olurdu, sadəcə şərh edirdik. Bu il səhvlər daha azdır. Amma yenə də həlledici məqamlarda bəzən səhv olur. Bu gün komanda yaxşı mübarizə apardı. “Sabah” bu il böyük işlər görür. Bugünkü oyunu qırmızı vərəqənin ətrafında qurmaq istəmirəm. Ancaq mənə də kənardan dedilər ki, sanki "qırmızı" idi.

– 3-cü dövrəni aktivinizə yazırsınız?
– Səmimi deyim ki, oyun planında çox şikayətim yoxdur. Futbolçuların intizamı, məşqlərə yanaşması, oyunlara köklənməsində problem yoxdur. Xal ehtiyatına gəldikdə, təbii ki, daha çox xal toplamalı idik. Çempionatı təhlil edirsən, xal və qələbə qazanmaq da müşkül məsələyə çevrilib. Keçən il biz 5-6-7-8-ci yerlərdəki komandalara qalib gəlmişdik, yalnız sonuncu turda “Şamaxı” ilə heç-heçə qalmışdıq. Keçənilki oyunlarla builki arasında çox fərq var. Futbolçular da daha fərqli olublar. Burada 10 komanda olmasının da rolu var. Sonuncu pillənin liqanı tərk etməsinin təsiri də həmçinin. Hansı oyun gedirsə, kiminsə hədəfi var. "Qarabağ" "Sabah"la, "Sabah" "Neftçi" ilə, biz "Qəbələ" ilə... Sonuncu yerdəkilər də həmçinin. Asan oyun yoxdur. Təbii ki, bu, hədəflərimizi dəyişmir. Liqanı təhlil etdikdə, baxdıqda, çətin olduğunu görürsən. 4-cü dövrə həlledici olacaq. Bizi "Qəbələ" ilə maraqlı və gərgin mübarizə gölzəyir.

– Mehdi Cənnətov 2-ci qolda zərbəni dəf edə bilmədi...
– Bəlkə də çıxara bilərdi. 

– Qapıda rotasiyalar nə ilə bağlıdır?
– Rotasiyalar bəzən səhvlərlə, bəzən psixoloji hazırlıqla, bəzən də rəqibə uyğun taktika ilə bağlıdır. Anar Nəzirov ürəkli oyunçularımızdandır. Gəncədəki matçda ona şans verdik. Yaxşı da dayandı. “Sabah” standartlarda yaxşıdır. Xüsusi ev tapşırıqları olur. Bu detalları nəzərə alıb Mehdiyə üstünlük verdik. 2-si də eyni səviyyədə çıxış edir. Müəyyən detallar var ki, qərarlara təsir edir.

– Sizcə gənc qapıçıya da şans vermək olmaz?
– O da istəklidir, çalışır. Amma rəqabətdə Mehdiyə və Anara uduzur. Nə vaxt yaxınlaşacaqsa, mütləq ona da şans veriləcək. Məşqlərdə baxırıq. Ümumən qərarımızı ona uyğun verəcəyik. Psixoloji cəhətdən də hazır olsa... Premyer Liqada 1 oyun oynayıb. Bu gün hələ tam hazır deyil.

– Hazırda 4-cülük mübarizəsi sizinlə “Qəbələ” arasında gedir. Onlar barədə fikriniz necədir?
– “Qəbələ”də Elmar Baxşıyevin gördüyü işlər haqda ancaq xoş sözlər demək olar. Ümumiyyətlə, bu il gənc, yerli mütəxəssis yaxşı işlər görür. Ayxan Abbasov “Turan Tovuz”da, Cavid Hüseynov “Şamaxı”da, Tərlan Əhmədov “Kəpəz”də.

0