
“Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandes Apasport.az saytına müsahibə verib.
- Komandanın yay toplanışı necə gedir, ab-hava, atmosfer necədir?
- Hər şey yaxşı və qaydasında gedir. Komandamız əla səviyyədə işləyir. Hamımız birlikdə adaptasiya oluruq və klubun uğurları üçün çalışırıq.
- “Şamaxı" yoxlama matçında "Karvan"ı məğlub etdi. "Karvan" Premyer Liqaya uzun illərdən sonra geri qayıdıb. Onları rəqib kimi necə dəyərləndirirsən?
- Bunlar hamısı hazırlıq matçlarıdır. Yoxlama görüşlərində isə oyunun nəticəsi o qədər də vacib məqam deyil. Təbii ki, qələbə qazanmaq hər zaman xoşdur. Amma əsas odur ki, komandada rutin inkişaf etsin. Fiziki hazırlığı və qarşılıqlı anlaşmanı yaxşılaşdırsın. İndi sadəcə özümüzə diqqət yetiririk.
- Yayda komandadan göndərilənlər də oldu, yeni transfer edilənlər də. Səncə, "Şamaxı" indi daha güclü heyətə sahibdir?
- İnanıram ki, biz keçən il olduğu kimi eyni komanda olacağıq: təvazökar, çalışqan və rəqabətə davamlı. Bu, ən vacib şeydir. Bunlar gələcəkdə bizə daha çox fayda gətirə bilər.
- Səncə, yeni mövsüm "Şamaxı" avrokuboklar uğrunda mübarizə apara bilər? Yoxsa, ən yaxşı halda Premyer Liqada qalmaq üçün oynayacaqsınız?
- Bu suala cavab verə bilmərəm. Çünki axı bu, naməlum məlumatdır. Ancaq bir şeyə əmin ola bilərəm ki, matçlarda həmişə ən yaxşı nəticəni əldə etmək üçün hər gün imkanlarımızdan da daha çox çalışacağıq. Gündən-günə, matçdan matça daha yaxşı olmağa can atacağıq.
- Yeni mövsüm Premyer Liqada 12 komanda olacaq. Legioner limiti də tətbiq edilməyəcək. Bu iki məsələni necə şərh edərdin?
- Bunlar federasiyaya ünvanlanacaq suallardır. Amma şəxsi fikrim belədir ki, rəqabətin səviyyəsi daha yüksək, çempionat daha cəlbedici olacaq.
- Bu mövsüm Portuqaliyadan Azərbaycan klublarına gələn transferlər çox oldu. Onlar arasında ən yaxşı tanıdığın, diqqətini çəkən və dostluq münasibəti olduğu kim var? Kimsə gəlməmişdən qabaq səninlə söhbət etmişdi?
- Bəli, gələn bəzi oyunçuları tanıyıram. Amma ən çox diqqətimi çəkənlər “Şamaxı”ya gələnlər oldu. Vacib olanlar bunlardır və danışdıqlarım da onlar idi.
- 2024/2025 mövsümündə əla performans sərgiləmişdin, bəlkə də mövsümün ən yaxşı qapıçısı seçilə bilərdin. Necə düşünürsən, 2025/2026 mövsümündə eyni cür performans mümkündür?
- Mənim üçün ən vacibi komandaya və kluba kömək etməkdir. Mənə sadəcə işləmək və peşəkar olmaq lazımdır. Yalnız o zaman kluba məqsədlərinə çatmaqda kömək edə biləcəyəm.