Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
20.12.2024 - 19:50
Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"

“Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov apasport.az saytına müsahibə verib.

- “Qarabağ"la matçda komandanız məğlub oldu. Amma bu oyunu yaxşı səviyyədə keçirdiniz. Yəqin ki, görüşdə ən azından bir xala layiq olduğunuzu düşünürsən?
- Çətin və ağır oyun keçirdik. Sizin də qeyd etdiyiniz kimi, yaxşı səviyyədə oynadıq. Qol epizodlarımız da var idi. Lakin qol epizodlarından yararlana bilmədik. Əgər Leroy Mikelsin vurduğu zərbə qapı tirindən qayıtmasaydı… Son saniyədə buraxdığımız qolla məğlub olmaq həqiqətən üzücüdür.

- Son dəqiqələrdə buraxdığınız qolu nə ilə əlaqələndirirsən? Təzyiqə tab gətirmədi komanda, yoxsa konsentrasiya itdi deyə, Musa Qurbanlının fərqlənməsinə mane ola bilmədiniz?
- Deməzdim ki, təzyiqə tab gətirə bilmədik. Çünki komanda 90 dəqiqə oynadı. Biz hətta 94-cü dəqiqədə qol buraxdıq. Kiçik diqqətsizlik bunun qol olmağına səbəb oldu. Bunu sırf diqqətsizliklə əlaqələndirərdim.

- “Şamaxı” hazırda 14 xalla 8-ci pillədədir. Halbuki komanda mövsümə daha inamlı başlamışdı. Nəyə görə uğurlu nəticənin davamını gətirə bilmədiniz? Son turlarda da qalib gələ bilmirsiniz. Səbəbi nədir?
- Bəli, hazırda 8-ci pillədəyik. Mövsümün ilk dövrəsini çox yaxşı keçirmişik. İkinci dövrədə istədiyimiz nəticələri qazana bilmədik. Amma xallar qazana biləcəyimiz oyunlar var idi. Son üç oyunun ikisində son saniyələrdə qol buraxmışıq. Ümid edirəm ki, komandamız yenidən toparlanıb, uğurlu nəticələr qazanacaq.

- “Şamaxı” növbəti turda "Sabah"la qarşılaşacaq. Həmin görüşdə "Şamaxı"nın qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən? "Sabah"ı məğlub edə bilərsiniz?
- Xüsusi bir səbəb yoxdur. Komanda əvvəlki kimi əzmlə mübarizə aparır. İlk turlardakı kimi də döyüşürük. Lakin bəzən alınmır. Ümid edirik ki, bir qələbə ilə hər şey qaydasına düşəcək. Növbəti turdakı “Sabah”la oyun çox ağır olacaq. Çünki üç gündən bir oyun oynamış olacağıq. Lakin hazırlaşırıq. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirəcəyik. Ümid edirəm ki, ilin son oyununda istədiyimiz nəticəni qazana biləcəyik.

- "Şamaxı"nın belə davam edəcəyi təqdirdə, Premyer Liqadan düşmək ehtimalı da az deyil. Ümumiyyətlə, kollektivdə liqadan düşmək təhlükəsinə görə hansısa təzyiq varmı?
- Xeyr, hansısa təzyiqdən söhbət gedə bilməz. Biz də bilirik ki, təhlükəli yerdəyik. Lakin çalışıb bu yerdən uzaqlaşacağıq. Qarşıdan fasilə gəlir, bu fasilədən həm məşqçilər, həm futbolçular maksimum yararlanacaq. Qışdan sonra Allah qoysa, daha güclü “Şamaxı” görəcəksiniz.

0