"Sabah"ın futbolçusuna xaricdən təklif: Danışıqlar gedib
11.03.2026 - 14:11
"Sabah"ın futbolçusuna xaricdən təklif: Danışıqlar gedib

Misli Premyer Liqasında çempionluğun əsas favoriti olan “Sabah”ın futbolçuları xarici klubların maraq dairəsinə düşməyə başlayıb.

Apasport.az xəbər verir ki, "bayquşlar"ın qapıçısı Stas Pokatilov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Təcrübəli qolkiperə Qazaxıstan Premyer Liqası təmsilçisi “Aktobe” maraq göstərir. Bu barədə klubun idman direktoru Marat Xayrullin yerli mətbuata açıqlama verib.

Funksioner Pokatilovla danışdıqlarını təsdiqləyib:

“Qapıçı namizədlərimiz var. Şəxsən ‘Sabah’ın futbolçusu olan Stas Pokatilovla danışmışam. Amma o, hazırda oynayır və klubu ilə müqaviləsi var. Üstəlik, komandasının kapitanıdır”.

Qeyd edək ki, Pokatilov bu mövsüm ‘Sabah’ın heyətində bütün turnirlər daxil olmaqla 32 matçda çərçivəni qoruyub.