
Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Apasport.az müsahibəni təqdim edir:
- "Sabah" nəyin hesabına "Selye"ni keçə bilər?
- Bu tip oyunlarda çox xırda detallar çox şeyi həll edir. Rəqibi analiz edirik. Amma çox qısa informasiyamız var. Onlar keçən illə müqayisədə 5-6 önəmli oyunçusunu itirib. Sadəcə 1 yoldaşlıq görüşü keçiriblər. Onların nəyə qadir olduğunu hələ demək çətindir. Bizim üçün müsbətdir. Bu dönəmdə bütün komandalar bərabər səviyyədə olur, komandaların oyun təcrübəsi olmur. Komandamı toplanışda gördüm, uşaqlar çox istəklidirlər. Mənim üçün ən əsası bunlardır. İnanıram ki, belə davam etsək, inanaraq işləsək, uğurlu nəticələr olacaq.
- "Omoniya"nın baş məşqçisi kimi "Zirə"ni keçərək, Konfrans Liqasında qrupa düşmüsüz. Hazırkı komandanızda bu potensialı görürsüz?
- Hər iki komandanı müqayisə etmək düzgün deyil. Amma öz komandamda bu potensialı görürəm. Komandamız hərəkətli, aktiv, modern oyun oynayır. Həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Məşqçi kimi hücum oynatmağı sevən biriyəm. Çox istəyirəm ki, komandam 1 qoldan sonra 2-ci qolu vursun.
- "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis sizin komandanıza gəlməkdə önəmli rol oynadı. Onunla söhbət etmişdiniz?
- Xeyr. Danışmamışam. Çünki mən klubun rəhbərliyini, insanları tanıyıram. 2-3 ildən çoxdur tanıyıram, klubun iddiasını bilirəm. Çalışacam, əlimdən gələni edəcəm ki, klubun iddialarının bir parçası olum.
- Avstriyadakı toplanışda iki oyunda 5 qol vurub, 5 qol buraxmısız. 5 qol buraxmağınız müdafiədəki problemlərdən xəbər verir?
- Yoldaşlıq görüşləri bizim üçün önəmlidir. Hər zaman güclü rəqiblərlə qarşılaşmağa önəm verirəm. Belə də, öz problemlərimizi görə bilirik. Bu, mənim oyun tərzimdir. Güclü rəqiblərlə oynamaq istəyirəm. Səhvləri oyunçulara göstəririk. Oyunçulara göstərim ki, nələri səhv etmişik. Yoldaşlıq görüşlərində 3:0 udacağıqsa, nəyi analiz edəcəyik, hansı zəif cəhətlərimizi onlara göstərəcəyik? Rəsmi matçlarda bu cür problemlərlə qarşılaşa bilərik. Uşaqlar da çox xoşbəxt idilər. İki oyunda da çox qol vura bilərdik. Stadiona gələndə hər kəs qolları görsün, daha çox şans yaradacaq. Hər şey istədiyimiz kimi mükəmməl deyil. Vaxtımız çox deyil. Amma oyunçularıma çox inanıram.
- Həm siz, həm də Stas Pokatilov bildirdi ki, 4-cü günkü oyunu səbirsizliklə və həyəcanla gözləyirik Bu həyəcan və səbirsizlik oyunun gedişində sizə mənfi təsir etməzki?
- Əlbəttə ki, birinci və ya axırıncı oyunda əsəbilik olur. Birinci matçda daha çox olur. Rəqibi tanımırsan, amma 5-10 dəqiqə sonra bu da itir. Bu da normal haldır. Tamamilə həyəcanlı deyiləm, narahatçılıq keçirmirəm, əsəbi deyiləm. İki həftə ərzində çox yaxşı məşq etmişik. İstəyərdim ki, daha da əlavə məşqlərimiz olsun. Öz komandama inanıram. Biz bu oyuna inanırıq.
- Ötən mövsüm komanda çempionatda uğurlu olmadı, kuboku götürərək avrokuboklara yollandı. Komandada nəyi dəyişmək istəyirsiz?
- Biz hər şeyin fərqindəyik. İddialarımız da həmçinin. Keçən il birinci yerdəki komanda ilə xal fərqimiz 41 olub. Addım-addım böyümək istəyirik. Fərqi yavaş-yavaş aradan qaldırmağa çalışırıq. İki həftə ərzində çox pozitiv şeylər gördüm. Uşaqlara deyirəm ki, qorxamadan oynasınlar, səhv etməkdən qorxmasınlar. Onlara demişəm ki, səhvə görə onları danlamayacam. Sadəcə reaksiyaları düzgün verməliyik. Oyunçular arasında münasibət də önəmlidir. Eyni cinahda oynayan futbolçuların bir-birini başa düşməsi çox önəmlidir. Bütün komponentləri birləşdirmək lazımdır. Məşqdən-məşqə inkişaf etməyi, artırmağı sevən məşqçiyəm. Hər şeyə addım-addım getməliyik.
- Azərbaycan millisinin qapıçısı Yusif İmanovda nələr gördüz ki, həm toplanışa aparmadız, həm də UEFA-nın sifariş ərizəsinə daxil etmədiz?
- Bu qərar mənim komanda ilə işləməyimdən öncə verilmişdi. Bu barədə nəsə şərh verə bilmirəm.