"Azərbaycandakı avtomobil yolları əla şəraitdədir".
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O, yarışın üçüncü mərhələsinin uğurla başa çatdığını qeyd edərək təşkilatçılıq və marşrutla bağlı müsbət fikirlərini bölüşüb: "Üçüncü mərhələni də uğurla başa vurduq. Mən özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm. İştirakçılar yollarımızın çox gözəl, möhtəşəm olduğunu deyirlər. Qəbələdən Mingəçevirədək hər şey möhtəşəm idi. Bu tək mənim yox, əcnəbi qonaqların fikridir".
Qeyd edək ki, üçüncü mərhələdə Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa qızıl, belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") gümüş, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") bürünc medal qazanıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.