Şahin Diniyev: "Sabah” “Selye” ilə eyni gücə sahibdir"
09.07.2025 - 12:19
Şahin Diniyev: "Sabah” “Selye” ilə eyni gücə sahibdir"

"Hər iki komandanın ilk oyunu olduğu üçün nəticə barədə proqnoz vermək çətindir. Bu, mövsümün ilk rəsmi qarşılaşmasıdır və komandaları ötən mövsümdəki formaları ilə müqayisə etmək doğru olmaz".

Bu sözləri Apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın UEFA  Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Selye" ilə matçdakı şansını dəyərləndirib: “Selye” klubunda ciddi dəyişikliklər baş verib – bir çox futbolçu komandadan ayrılıb, eyni zamanda heyətə yeni oyunçular cəlb olunub. Baş məşqçi isə yerində qalıb. O, ispandır və komandaya İspan futboluna xas olan üslubu aşılayıb. “Selye” topla oynamağı sevən komandadır və standart vəziyyətlərdən çox, topa nəzarət edərək hücum qurmağa üstünlük verir. Məqsədləri də bu şəkildə “Sabah”ın qapısına yol tapmaq olacaq. “Sabah”da isə yalnız oyunçu heyəti deyil, baş məşqçi də dəyişib. Yeni sistem qurulub və bu, komandanın oyun üslubuna birbaşa təsir edəcək. Qarşıda bizi maraqlı və gərgin bir oyun gözləyir. “Sabah” “Selye” ilə eyni gücə sahibdir. Kim daha yaxşı hazırlıq prosesi keçibsə, təlim-məşq toplanışını yüksək səviyyədə tamamlayıbsa, məhz o komanda bu cütün qalibi olacaq. Hazırda şanslar tam bərabərdir. Ev-səfər amili isə artıq keçmişdə qalıb və müasir futbolda həlledici faktor sayılmır. Bununla belə, ikinci oyunu evdə keçirən komanda bir qədər üstün ola bilər. Çünki artıq bir matçı arxada qoyduqdan sonra rəqibi tanımaq və taktiki baxımdan uyğunlaşmaq mümkündür. Bu da evdə oynayan komandanın rahatlığını artıra bilər. Lakin bu, hər şeyi müəyyənləşdirmir. Düşünürəm ki, yoldaşlıq görüşlərinin nəticələri önəm daşımır. Həmin matçlarda futbolçular tam formada olmur və real güclərini göstərə bilmirlər". 

Diniyev "Sabah"ın Valdas Dambrauskasın rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlməsinə inanmadığını bildirib: "Valdas Dambrauskasın komandanı Avropa Liqasının qrup mərhələsinə qədər aparacağına inanmıram. Fikrimcə, “Sabah” “Selye” maneəsini aşmağı bacarsa, UEFA Konfrans Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazana bilər".

Qeyd edək ki, “Sabah” – "Selye" matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.