“Sabah” böyük bir qələbə əldə etdi”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis “bayquşlar”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib:
“Komanda rəqiblərindən çəkinmədi, qorxmadı, əksinə, tam açıq şəkildə öz oyununu sərgilədi. Bunun nəticəsində də dünya futbolunun bir nömrəli klub turnirində iştirak hüququ qazandı”.
O, “Sabah”ın uğurunda maliyyə imkanlarının və düzgün qurulmuş sistemin də mühüm rol oynadığını bildirib:
“Hər bir məsələnin başında maliyyə dayanır. Həmçinin komandada strukturlaşmış bir sistem var. Bunu baş məşqçi və futbolçu seçimlərində də görmək mümkündür. Lakin ən başda duran məsələ bayaq bildirdiyim kimi, maliyyədir. Bu, yüksək səviyyəli futbolçuların heyətə cəlb edilməsinə və daha böyük uğurların əldə olunmasına şərait yaradır”.
Baş məşqçi “Sabah”ın qarşıdakı mövsümdə üç cəbhədə mübarizə aparmasının komanda üçün çətinlik yaradacağını vurğulayıb:
“Sabah” çempionatda, kubokda və Çempionlar Liqasında – hər üç cəbhədə mübarizə aparacaq. Bu da komandanın işini indidən çətinləşdirib desək, yanılmarıq. Misli Premyer Liqasının ilk turunda “Kəpəz”lə matçda biz bunun şahidi olduq. Bakı təmsilçisi ikinci heyətlə oyuna başlamasına rəğmən, çətinlik çəkirdi. Sonradan oyuna daxil olan əsas heyət oyunçuları “bayquşlar”a 3 xal qazandırmağı bacardı. Ona görə də böyük komandalar ən azı iki güclü heyətə malik olmalıdır. Düşünürəm ki, “Sabah” rotasiyalar edərək həm daxili çempionatda, həm də Çempionlar Liqasında çətinlik çəkəcək”.
Diniyev “Qarabağ”ın da UEFA Çempionlar Liqasında “Tvente” ilə keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:
“Qarabağ”ı da sabah “Tvente” ilə vacib oyun gözləyir. Fikrimcə, Ağdam təmsilçisi səfərdə olduğu kimi, evdə də qələbə qazanacaq və biz bir futbol azarkeşi olaraq iki komandamızı avrokuboklarda izləyəcəyik. Hər iki komandamıza da uğurlar arzu edirəm”.