Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”
16.08.2025 - 22:27
Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”

Misli Premyer Liqasının I turu çərçivəsində “Neftçi” öz meydanında "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandada yeni mövsümdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiz ki, komandanı mən yığmamışam. Amma deyəsən, bu dəfə iştirak etmisiz. Rza Cəfərov bu mövsümkü komandada yoxdur. Bəzi ekspertlər düşünür ki, ona qarşı haqsızlıq olub...Onun komandadan gedəcəyi barədə də fikirlər var. Rzaya qarşı ədalətsizlik varsa, bu mövzunun harasında dayanırsız?
- Rza zədəli idi. İki gün bundan qabaq zədə aldı. Sırf buna görə, bu gün heyətdə yox idi. Komandada yox idi. 

- Birinci hissədə rəqibin hücumlarının qarşısında oyunçuların çaşqınlığı hiss edildi. İkinci hissədə isə rəqibin müdafiə xəttini yara bilmədiz. "Neftçi" ötən mövsümdə qaldığı yerdən davam edir. Yanılıram, yoxsa siz sürprizlər edəcəksiz?
- Hamı üçün mövsümün birinci oyunu idi. Çox dəyişiklik edən komanda üçün belə matçlar çətin keçir. Mən futbolçularımın göstərdiyi oyundan razı qaldım. Onlar sona qədər qalib gəlmək istəyirdilər. İki təhlükəli epizod buraxdıq, onların da ikisi standart vəziyyətdən oldu. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. “Şamaxı” daha çox müdafiədə idi, bu da onların oyun üslubudur. Biz də müəyyən epizodlar yaratdıq. Futbolçular yaxşı oyun göstərdilər. Yeni gələn oyunçuların çətinliyini də nəzərə almaq lazımdır, zaman keçdikcə daha yaxşı olacaq. Qələbələr gəldikcə oyun da inkişaf edəcək. Bugünkü matçda qələbə istəyi çox idi. Buna görə futbolçularıma təşəkkür edirəm.

- Narazı qaldığınız məqam hansı idi?
- Mütəxəssislər və azarkeşlər oyunu təhlil edəndə hansısa futbolçunun matçdan “qopduğunu” deyə bilərlər. Amma bizim işimiz, borcumuz bunları anlamaqdır. Komanda yenidir, belə hallar təbii ki, olacaq. Bir az üzüldüyüm məqam odur ki, biz tam başqa şey düşünürdük, başqa cür hazırlaşmışdıq. Oyun formatı və oyunçular baxımından planlarımız fərqli idi. Sağ və sol vingerlərin sıradan çıxması, məşq zamanı zədələnmələri bizə ciddi problem yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan, amma 2-3 oyunçunun heyətdə olmaması bütün planlarımızı pozdu.

- Kenan Piriçin qol buraxdığı epizodda mövqe seçiminə narazı qaldınız?
- Məncə, oyundan dərhal sonra Piriçə irad bildirmək doğru deyil. Bunun üçün həftəlik təhlillərimiz var. O, təcrübəli qapıçıdır, yaxşısını da, pisini də özü bilir.

- Bir neçə gün əvvəl demişdiniz ki, boşluqlar var. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?
- Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım.

- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur...
- Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var və bu, “Neftçi” üçün müsbət haldır. Rəqabət daha da möhkəmlənir. Kapitan məsələsinə gəldikdə, xatırlayırsınızsa, komandaya ilk gəldiyim vaxt çoxlu söz-söhbətlər var idi. Mən Rzanı müvəqqəti kapitan təyin etdim ki, bu mövzular səngisin və əsas diqqət futbola yönəlsin. Əvvəldən də demişdim ki, “Neftçi”nin əsas kapitanı Emindir, vitse-kapitanlar da mövcuddur. Kapitanlıq yalnız meydandakı yox, meydandan kənardakı davranışlardan da çox asılıdır. Seçdiyimiz futbolçular var və bu mövzunu artıq bağlamaq lazımdır. Rza isə digər oyunçular kimi bizim üçün dəyərlidir.

- İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?
- İnşallah, edəcək. Qarşımıza məqsəd qoymuşuq...Avrokuboklarda iştirak etmək istəyirik. Artıq beynimizdə qurduğumuz sistem var və məşqləri də buna uyğun keçiririk. Yaxşı toplanış keçmişik. Əlbəttə, gözlənilməz hallar olur, bəzi oyunçular sıradan çıxır, amma bunun da xeyrini görəcəyik.

- Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yox idi iştirak ərizəsində. Bu, onu göstərir ki, onları gözdən çıxarmısız?
- Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan veriləcəyik. Onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq.

- "Neftçi" büdcə və heyəti baxımından "Şamaxı"dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit "Qarabağ" var. İddialıların sayı çoxalıb. Sizcə, "Şamaxı" ilə heç-heçəyə razılaşan "Neftçi" digər güclülərlə bacaracaq? Bu mübarizəyə tab gətirəcək gücünüz var?
- Əlbəttə, müqavimət göstərməyə gücümüz var. Yaxşı komandamız var. Udmaq əzmi ilə meydana çıxırlar. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək. 

- İlk turda ikinci hissədə topa nəzarət "Neftçi"də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsız?
- Hər hansı problem üzə çıxanda dərhal yeni oyunçu gətirməliyik deyə bir qayda yoxdur. Bu çatışmazlıqları gördük. Çox sıx müdafiə olunan komandaya qarşı oynasaq da, yenə də epizodlar yaratdıq, sadəcə onları qola çevirmək lazım idi. Çalışacağıq ki, bu istiqamətdə də irəliləyiş olsun. Fikrimcə, biz ilk hissədə qol vursaydıq, oyun tamamilə başqa məcrada keçəcəkdi.