Samir Abasov: “Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik”
27.09.2025 - 21:30
Samir Abasov: “Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik”

Misli Premyer Liqasının VI turunun "Neftçi" - "Karvan-Yevlax" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Bir qələbədən sonra yaxşılığa doğru inam olur. "Neftçi" yenə xal itirdi. Qələbəyə nə mane oldu ?
- Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar həqiqətən üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun tərəfi odur ki, bu qədər epizod yaradırsan. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücum... Arxaya oturmuş komandaya qarşı etməli olacağınız, hər şeyi etdik. Bəxtsizlik... O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, kornerdən ötürmə verilir, qol olur. İzahı olmayan mətbuat konfransıdır. Söz tapa bilmirəm.

- İmad Farac sanki köhnədən zədə alıb və çox mübarizəyə girmir. Aqressivliyi çatmır...
- Zədəsi var idi. Amma səbəb bu deyil. Fərəci tanıyırıq, məşqlərdə xarakterli, aqressiv idi. Foul etməmək qorxusu var idi. Çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədə problemi var.

- Bitirici 9 nömrə yoxdur... Bunu hiss edirsiz?
- Komanda ətrafında forvard məsələsi çox danışılır. Bütün vingerlərimiz, digər oyunçularımızın girdiyi epizodlar forvardın olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də epizoda girdi. Təbii ki, bilirik bu problem var. Buna baxmayaraq, Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitər.

- "Neftçi"yə qarşı kobud hakim səhvləri var idi. Klubun hər etirazından sonra sanki daha da üzərinə gəlinir. Hakimlərdə sizə qarşı antipatiya var...
- Bu oyunun içindəyəm. Çox üzülmüşəm. Nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram.

- Vensan Abubakar mövzusu nə dərəcədə realdır?
- Hansı səviyyədə oyunçu olduğunu bilirsiz. Söhbətlər getmir deyə, bir şey yoxdur. 1-2 forvard var onlarla da danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Nə deyim? Var. Söhbətlər gedir. İnsan gəlib burada müqavilə imzalamayınca, şəkili çıxmayınca nəsə demək tezdir.

- Bu gün çox sakit görünürdüz. Özünüzü hazırlamışdız?
- Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim. Oyun öz ritmi ilə gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığımı nə dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Referi nəinki oyunu, məni də susdurdu. Oyunu bu qədər saxladı. 

- Metyu İfeanyi transferi açıqlandı. 7 aydır ki, oyanmır. Nə vaxt hazır olar?
- Bilirdik. "Sürix" son klubudur. Biz toplanışa getmişik, o olmayıb. Fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimdəsə 5 günə, kimdəsə 10 gün formaya düşə bilər fiziki forma. İnanırıq ki, milli fasilə onu hazır duruma gətirməyə imkan verəcək. 

- Yayda transfer edilən fubtolçular arasında narazı qaldığınız oyunçular var? Məsələn, Varqas, Kurçi...
- Varqası tərifləyirəmsə, çoxları da tərifləyir. Ondan istədiklərimizi edir. Biz bu gün Varqasdan danışırıqsa, deməli ona və digər oyunçulara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var.