Misli Premyer Liqasının XXIII turunun "Karvan-Yevlax" - "Sumqayıt" matçından (1:1) sonra qonaqların baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
"Çalışdıq ki, akademiyanın yetirmələrinə şans verək. Bundan sonra bu yolla davam edəcəyik".
– Qərarınızın səbəbi nədir?
– Rəhbərlikdən gələn tapşırıqdır ki, akademiya yetirmələrinə üstünlük verək. Kifayət qədər səhvlər etdik, keyfiyyətsiz oyun alındı. Penaltidən də yararlana bilmədik.
– Bu heyət autsayderlə də bacarmır. Qarşıdakı oyunlardan nə gözləyirsiniz?
– Baxacağıq.
– Strategiyanı dəyişmisiniz. Bu, sizin şəxsi iddianızla üst-üstə düşür?
– Verilən qərara hörmətlə yanaşıram.
– Son zamanlarda komandanın oyunlarında geriləmə hiss olunur. İddia var ki, yayda klubdan ayrılacaqsınız?
– Mövsümün sonuna hələ var. Nə qərar verilsə, qəbul edəcək. Müqaviləm mövsümün sonuna kimidir.
– “Sumqayıt” akademiyasının perspektivi haqda nə düşünürsünüz?
– Güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Qərarı başa düşürəm, avrokuboklara vəsiqə şansımız azalıb. Buna görə strateji yollar ayrılıb.
– Mövsümün əvvəlində qərar qəbul edilib ki, yerli, gənc oyunçuların oyun dəqiqəsinə görə bonuslar veriləcək. Bu strategiya məsələsində bu amilin rolu var?
– Bu barədə eşitmişəm. Strategiyanın dəyişməsi əsas avrokuboklara vəsiqə şanslarının azalmasıdır.
– Komandanın belə durumunda rəhbərliyin dəstəyini hiss edirsiz, ya narazılıq var?
– Komanda üçün çalışırıq. Mövsümün əvvəli yaxşı başladıq. Amma qış fasiləsində müəyyən tələblərim oldu. Onlar da alınmadı.
– Penaltiləri fərqli futbolçuların vurmasının izahı nədir?
– Bu, oyunçuların öz qərarıdır. Qarışmamışam.
– Axşamki “Beşiktaş” – “Qalatasaray” oyununu izləyəcəksiniz?
– Əlbəttə, baxacağam. İki mövsüm “Qalatasaray”da oynamışam. Onların azarkeşiyəm.