"Səbail"in kapitanı Rüfət Abdullazadə apasport.az saytına müsahibə verib.
- "Səbail" son turda "Zirə" ilə qarşılaşdı və rəqibinə uduzdu. Həmin görüşdə məğlubiyyətinizə səbəb nə idi, səncə?
- "Zirə"ni yaxşı analiz etmişdik. Hücumda və müdafiədə necə oynayacağımızı da yaxşı bilirdik. Yaxşı oyun keçirdik. Ancaq sonda təəssüf ki, uduzduq. Bəlkə də bu məğlubiyyətlər bizim üçün təcrübədir. O biri oyunlara görə deyirəm.
- "Səbail" ili sonuncu pillədə başa vurdu. Yəqin ki, sezonun ilk yarısını "Səbail" üçün uğursuz hesab edirsən. Səncə, mövsümün ilk yarısı nəyə görə uğursuz alındı?
- Yaxşı komandamız var. İnanın, əla kollektivə sahibik. Sadəcə zədəli oyunçuların çoxluğu bir az bizə mane olur. Yoxsa, yaxşı kollektivə sahibik. Qışdan sonra da mübarizəmizi davam etdirəcəyik.
- Şahin Diniyevin gedişindən sonra Cavid Hüseynov baş məşqçi postuna gətirildi. Nəticə baxımından nəyisə dəyişə bilməyib. Amma komanda daxilində olan sənsən. Futbolçu olaraq fikrin necədir? Hüseynov komandada nələri dəyişə bilib?
- Dediyim kimi, komanda içində hər şey qaydasındadır. Sadəcə nəticələr ürəkaçan deyil. Heyətimiz zatən geniş deyildi. Cavid Hüseynov gəldikdən sonra da zədəlilər oldu. Bu da komandaya təsir etdi, məncə.
- "Səbail"in bu mövsüm son pillələrdə qərarlaşacağını ehtimal edənlər də çox deyildi. Yəqin ki, sən özün də belə ola biləcəyini ehtimal etmirdin?
- Təbii ki, ehtimal etmirdim. Mövsümün ilk yarısı bizim üçün uğursuz alındı. İndi vaxtımız çoxdur ki, səhvlərimiz üzərində işləyək. Bunu edəcəyik. Mövsümün digər yarısında uğurlu olmağa çalışacağıq. Allah qoysa, biz sonuncu yerdə olmayacağıq. Buna çox inanıram.
- "Səbail" sonuncu pillədədir və Premyer Liqadan düşməyə ən real namizəddir. Hazırkı təzyiq komandanın nəticəsinə birbaşa təsir edir? Səncə, komanda Premyer Liqada qala biləcək? Necə qala biləcək?
- Arada xal fərqi çox deyil. Bunları aradan qaldırmaq olar. Hamımız da buna çox inanırıq. Komanda olaraq da məqsədimiz budur. Təbii ki, sonuncu pillədə olmağın gərginliyi var. Amma bu fasilə bizim üçün yaxşıdır. Bir az istirahət edib, yolumuza davam edəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək.
- Bu mövsüm adın bir çox klublarla hallanırdı. Özü də, iddialı komandalarla. Maraqlıdır, qışda "Səbail"i tərk etmək ehtimalı var, yoxsa minimum sezon sonuna qədər "Səbail"də qalacaqsan?
- Gələcək barədə danışmaq istəmirəm. "Səbail"də olduğum müddətdə komandama kömək olmaq istəyirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq.