“Qarabağ”ın veteran hücumçusu Vüqar Nadirov Apasport.az saytına müsahibə verib.
O, Ağdam klubunun bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”ə qarşı Bakıda keçiriləcək oyunu haqda da fikirlərini bildirib:
- Bu gün “Qarabağ” “Ludoqorets” önünə çıxacaq. Matçdan öncə bu oyun haqda düşüncəniz necədir?
- Məncə, “Ludoqorets” və “Qarabağ” eyni tip komandalardır. Nəyə görə belə deyirəm? Bilirsiz, eyni sistemdə oynayırlar. “Ludoqorets”in oyunlarına baxmışam. Heyətində 2-3 bolqar futbolçu var, qalanları legioner oyunçulardır. Çox dinamik, aqressiv komandadır. Heç uduzmağı xoşlamırlar. Amma unutmayaq ki, “Qarabağ” da “Qarabağ”dır da. Məncə, olduqca maraqlı oyun olacaq.
- Aşağı-yuxarı eyni gücdə olan komandalar qarşılaşır. Sizcə, bu cütün taleyini hansı detallar həll edəcək?
- Bəli, bənzər komandalardır. Düşünürəm ki, hansı komanda tez fikirləşəcək, daha az səhv edəcək, yaradılacaq fürsətlərdən yararlanacaq komanda növbəti mərhələyə adlayacaq. Yəni, bu oyunlarda detallar həlledici rol oynayacaq.
- İlk oyunun Bakıda keçirilməsinin hansısa üstün və ya mənfi tərəfləri var?
- Məncə, heç bir təsiri yoxdur. “Qarabağ” üçün belədir. Onlar səfər komandasıdır. Özünüz görürsüz də, “Qarabağ” səfərdə də uğurlu nəticə qazana bilir, evdə də. Yaxşı nəticələr qazanacağıq.
- “Qarabağ”ın “Linkoln”la görüşlərdəki performansı gələcək üçün pozitiv düşünməyə əsas verdi?
- Əlbəttə ki, bu oyunlar pozitiv təəssürat yaratdı. Bilirsiz də, “Qarabağ” yavaş-yavaş, oyundan-oyuna istədiyini edir. “Linkoln”la ilk oyunla cavab görüşündə də bunu gördük. “Qarabağ” oyundan-oyuna relsə düşməyə başlayır. İndi də belədir. Hər halda, “Qarabağ”ın “Linkoln” və “Araz-Naxçıvan”la oyunları bizi aldatmasın. Təbii ki, “Qarabağ”ın yaxşı oynayaraq nəticə göstərəcəyinə inanıram. “Ludoqorets” də ciddi rəqibdir. Ümid edək ki, daha yaxşı olacaq.
- Komanda yeni meydan oyunçusu transfer etməyib. Bu haqda fikrin necədir?
- Qurban Qurbanov komandaya çox oyunçu götürür ki, əlində alternativlər çox olsun. Çünki bunun sabah cəzalı, zədəli oyunçusu ola bilər. Ona görə də həmişə əlində çox oyunçu olmasından yanadır. Elvin Cəfərquliyev qırmızı vərəqə aldı. O da futboldur, olur da. Özünü cilovlaya bilmir, mən də oynamışam, bilirəm. Amma o da səhv etməməlidir. Qurban Qurbanov alternativ üçün çox oyunçu götürür. Hər zaman da axtarışda olur. Hazırkı heyət məncə, Konfrans Liqası və Avropa Liqası üçün bəs edər, Çempionlar Liqası üçün yox.
- Elvin Cəfərquliyevdən söz düşmüşkən, xüsusi kobudluqla olmasa da, hansısa epizoda gecikir, rəqibə birəbirdə uduzduğu üçün sarı və ya qırmızı vərəqə ilə cəzalandırılır. Onun haqda nə deyəcəksən?
- Elvin bir az aqressiv futbolçudur. Onun aqressivliyi, cavanlığı, istər-istəməz oyununa təsir edir. Bu da özünə zərbə gətirir. Özü də düşünməlidir ki, mən niyə belə edirəm? Axı, oynamasam maliyyə sıxıntılarım olacaq. Digər sahələrdə də, həmçinin. Komandaya da zərbə vura bilərsən. O da futbolçudur, istəməz ki, vərəqə ilə cəzalandırılsın. Amma mütləq şəkildə özünü cilovlamalıdır. Qurban Qurbanovun da açıqlamasını oxudum. Bilirsiz, mən “Qarabağ”da oynamışam da, Qurban Qurbanov bu cür şeyləri bəyənmir. O, intizamı çox sevir. Mütləq Elvin qısa müddətdə bunları aradan qaldırmalıdır. Heç kimə yox, özü özünə zərbə vurur. Təmkinli, səbirli olmalıdır. Hakimin simpatiyasını qazanmaq lazımdır ki, o da bəzi epizodlara göz yumsun. Hakimə qarşı aqressiv oldunsa, o da sənə qarşı olacaq.
- “Qarabağ”ın ÇL-in qrupuna gedəcək yolu “Ludoqorets” və “Dinamo” klubları ilə oyundan keçir. Səncə, işıq üzü görünür?
- Əlbəttə ki, görünür. “Qarabağ” “Ludoqorets”i keçəndən sonra “Dinamo”nu da keçə bilər. Amma əlbəttə ki, qəti arxayınlaşmaq olmaz. Çünki rəqiblərin hamısı ciddi və yaxşı komandalardır. Qurban Qurbanov da arxayınlaşmağı sevmir. Ümid edək ki, hər şey yaxşı alınacaq və “Qarabağ” bu mövsüm ÇL-nin qrupuna vəsiqə qazanacaq.