Vüsal İsgəndərli: "İnanıram ki, millidən dəvət gələcək"
15.08.2025 - 17:15
Vüsal İsgəndərli: "İnanıram ki, millidən dəvət gələcək"

Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərli Apasport.az saytına müsahibə verib. 

- Albaniyada işlər necə gedir? 
- Hər şey yaxşı gedir. Hazırlıqlarımız davam edir. Çempionatın startına hazırlaşırıq. 

- Yəqin ki, "Partizani"nin məqsədi çempionluqdur? 
- Əlbəttə ki, belə məqsədimiz var. Əsas odur ki, bu klubdayam və Albaniya mənim üçün yad deyil. Hər şey uğurlu keçdi. Amma fərqli komandadayam, fərqli sistemdir. 

- Adaptasiya problemi yaşadın? 
- Xeyr, çox şükür. Uyğunlaşma ilə bağlı problem olmayıb. "Partizani"də hansısa problemim olmadı. Oyunlarda da hər şey görünəcək.  

- Milliyə çoxdandır ki, dəvət edilmirsən. Bu dəfə necə, dəvət gözləyirsən? 
- Əlbəttə ki, millidən dəvət gözləyirəm. Hər şey öz əlimdədir. Oynadığım və yaxşı performans göstərdiyim təqdirdə inanıram ki, o dəvət gələcək. 

- Albaniyada Azərbaycan derbisi yaşana bilər. Zamiq Əliyev də "Eqnatiya"da oynayır.  Yəqin ki, daha maraqlı olar? 
- Ölkə xaricində öz həmyerlimə qarşı oynamaq çox maraqlıdır. Haqqımızda xeyirlisi olsun. İnanıram ki, Albaniya çempionatı, ölkə xaricinə gedənlərin sayı çox olacaq. 

- Azərbaycan klublarının avrokuboklardakı çıxışını izləyirsən? 
- Desəm ki, heç bir oyuna canlı baxa bilmədim... Çünki saat fərqimiz çoxdur. Məşqlərimiz də üst-üstə düşürdü. "Qarabağ"ın çıxışı təbii ki, çox uğurludur.  Gələcəkdə yaxşı olar, hamının ürəyi onu istəyir ki, ölkəmizin klubları uğurlu çıxış etsin.