Yuri Vernidub: “Onun çox gözəl gələcəyi var”
20.03.2026 - 22:48
Yuri Vernidub: “Onun çox gözəl gələcəyi var”

Misli Premyer Liqasının XXV turunda "Neftçi" "İmişli"ni darmadağın edib - 6:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

- Meydana hücumçusuz çıxdınız və mövsümün ən böyük hesablı qələbəsini qazandınız. Bu necə alındı?
- Öncə, hər kəsin bayramını təbrik edirəm. Bildiyimə görə, Azərbaycanda böyük bayramdır. Bassaka Sambu və Vensan Abubakar zədələndilər. Ağadadaş Salyanski və Alesio Kurçi qalmışdı. Kurçi daha çox vingerdir, cinahlarda oynayır. Biz bu barədə düşündük. Qəbələdə də Freddi Varqasa şans vermişdik. Düşündük ki, bu oyunda da ona həmin mövqedə şans verək. Danışdıq ki, o, daha çox gizli "9 nömrə" olsun. Pis də alınmadı, yaxşı nəticə oldu. Bütün futbolçularıma təşəkkür edirəm ki, oyuna böyük arzu ilə çıxdılar. Çox gözəl əhval-ruhiyyələri var idi. Biz bundan qabaq "İmişli"yə bir dəfə uduzmuşduq, bir dəfə heç-heçə etmişdik. Bu da "Neftçi" üçün yaxşı nəticə deyildi. Biz öz borcumuzu qaytarmalıydıq. Onlar da bunu etdilər, minnətdaram. İstirahət üçün vaxtları olacaq. Ayın 24-dən məşqlərə başlayacağıq. Bizim səhv etmək şansımız yoxdur. Avrokuboklarda iştirak etməkdən ötrü bu səhvlər olmamalıdır. Elə rəqiblərlə oyunlarımız olacaq ki, onlar da bu yerlər üçün oynayır. Orada artıq bizim xarakterimizi görə bilərik. Maraqlı olacaq. 

- Ağadadaş Salyanski meydana çıxmadı. U-21 yığmamızın da üzvüdür. O, rəqabətdə çox geri qalır ki, oynamır?
- Şans hər kəsə veriləcək, ona da. Baş məşqçi mənəm. Gördüyüm odur ki, hazırki rəqabətdə digər oyunçulara bir az uduzur. Amma gəncdir, hələ həyatı qarşıdadır.  Ona ümidlərim var. Daha çox məşq edərək, şans əldə edəcək. Bəzən səbr etmək lazımdır. Başa düşürəm, hamısı oynamaq istəyir.  

- "Neftçi" mövsüm ərzində 5 xal itirdiyi komandaya 6 cavabsız qol vurursa, bu xal itkilərinin günaharı kimdir? 
- Komanda uduzursa, günahkar məşqçidir, udursa, səbəbkar futbolçulardır. Kimisə günahkar çıxarmaq istəmirəm. Əlimizdən gələni edirik ki, uduzmayaq. Məğlubiyyyətlər qaçılmazdır. Amma əsas odur ki, bu məğlubiyyəti həzm edə biləsən və yola davam edəsən. Xoşuma gələn o oldu ki, biz uduzandan sonra iki matçda qalib gəldik. Futbolçularım məğlubiyyəti həzm edərək, qarşıdakı matçlara qələbə üçün çıxırlar.

- Bundan sonrakı oyunlarda da Abubakar və Sambu hazır olsa da, "İmişli"yə qarşı oynayan heyəti görə bilərik?
- Hər rəqibimizi yaxşı təhlil edib, öyrənirik. Baxırıq da, görürük ki, rəqib 4, yoxsa 5 müdafiəçi ilə oynayır. Buna uyğun da strategiyamızı qururuq ki, sistemimiz bizə qələbə gətirsin. Çox ciddi təhlillər aparırıq. Gecə 2-3-dən tez yatmırıq, o qədər ciddi hazırlaşırıq. Səhər isə məşqə çıxırıq. Heç də asan iş deyil. Kənardan asan görünsə də, çox çətindir.

- Freddi Varqasın hər matçda bu səviyyədə çıxış etməsinə nə mane olur?
- Mənim üçün bu suala cavab vermək çətin olar. Yaxşı olardı ki, sualı ona verəsiz. Çox texnikalı və istedadlı oyunçudur. Öz işinə daha ciddi və daha əzmlə yanaşsa, daha gözəl oyun sərgiləyər. Hər birinin öz xasiyyəti var. Hazırlaşdı, meydançada istedadlı olduğunu göstərdi. Fərdi olaraq danışmağı sevmirəm, amma eyni sözləri Emil Səfərov haqda da danışmaq olar. Dayanmasa, çox gözəl gələcəyi var.