“Naxçıvan”dan iki yeni transfer - RƏSMİ
13.09.2026 - 13:49
“Naxçıvan”dan iki yeni transfer - RƏSMİ

“Naxçıvan” basketbol klubu heyətini daha iki yerli oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi U-18 Azərbaycan millisinin üzvü Azər İbrahimovla razılığa gəlib.

17 yaşlı basketbolçunun boyu 180 sm-dir. İbrahimov son olaraq “LANDAU Lions”un formasını geyinib.

O, 2026-cı ildə U-18 Avropa çempionatının B divizionunda keçirdiyi oyunlarda orta hesabla 6,3 xal, 2,5 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2025-ci ildə U-16 Avropa çempionatının C divizionunda isə onun orta göstəriciləri 16 xal, 4,8 ribaund və 3,5 assist olub.

İbrahimov həmin turnirdə ən məhsuldar oyununu Moldova yığmasına qarşı keçirib. O, bu görüşdə 28 xal və 8 ribaund toplayıb. San-Marinoya qarşı matçda isə 24 xal, 7 ribaund və 6 assistlə çıxış edib.

“Naxçıvan”ın digər transferi Rəvan Əliyevdir. Klub 25 yaşlı basketbolçu ilə birillik müqavilə imzalayıb.

190 sm boya malik Əliyev ötən mövsüm “Sərhədçi”nin heyətində çıxış edib.