“Sumqayıt” ilkə imza atdı
30.12.2024 - 21:10
“Sumqayıt” ilkə imza atdı

Azərbaycanın idman tarixində ilk dəfə olaraq NFT yaradan klub – “Sumqayıt" Basketbol Klubu olub.

Apasport.az xəbər verir ki, NFT-nin yaradılmasında əsas məqsəd klubun tarixi və uğurlarını innovativ üsullarla paylaşmaq, klubun azarkeşlərinə rəqəmsal mülkiyyət hüququ təqdim etmək, gələcəkdə daha interaktiv və dəyər yaradan layihələr üçün təməl qurmaqdır.

“Basketball legends of Sumgayit” adlı NFT Ethereum blokçeyinində ERC-1155 standartı əsasında yaradılıb və dünyanın ən populyar alqı-satqı platforması olan opensea.io-da satışa çıxarılıb. Qiyməti 0.35 ethereum (təqribən 1.175 dollar) təşkil edir.

“Sumqayıt" Basketbol Klubunun icraçı direktoru Elnur Quliyev bununla bağlı açıqlama verib: “Azərbaycanda öz NFT-sini yaradan ilk idman klubu olmaqdan qürur duyuruq. NFT yaratmaqda əsas məqsədimiz yeni innovativ ideyaları ölkənin idman sektoruna inteqrasiya etməklə diqqəti cəlb etmək və Azərbaycanda basketbol idman növünü azarkeşlər arasında daha da populyarlaşdırmaqdır. Bu cür təşəbbüslər, idman klublarının rəqəmsal dünyada iştirakını artırmaq və azarkeşləri ilə daha interaktiv əlaqələr qurmaq üçün müasir vasitələrdən biridir. Klub 2025-ci ildə yeni NFT kolleksiyaları buraxmaq niyyətindədir. Bu kolleksiyalar rəqəmsal platformalarda satışa çıxarılacaq və istənilən şəxs bəyəndiyi NFT-ni almaq imkanı əldə edəcəkdir. Bundan əlavə, NFT-lər klubun ən aktiv azarkeşlərlərinə hədiyyə formasında təqdim olunacaq. Azarkeşlər üçün NFT-lər ilk növbədə kolleksiya dəyəri olan rəqəmsal aktivlər kimi xidmət edəcək. Məlumat üçün qeyd edim ki, ümumiyyətlə NFT yaradan ilk peşəkar idman klubu, 2021-ci ilin aprel ayında Amerikanın “Golden State Warriors” basketbol komandası olub”.

NFT haqqında qısa məlumat

NFT, ingiliscə “non-fungible token” sözünün abbreviaturasıdır və rəqəmsal aktivin xüsusi növüdür. Mənası, əvəz edilməyən və ya unikal token deməkdir. NFT – müxtəlif rəqəmsal obyektlərin (məs: mətn, şəkil, audio-video yazılar, rəqəmsal sənət əsərləri, oyun elementləri və ya simvollar, domen adları, personajlar, klub kartları və s) mülkiyyət hüquqlarını təmsil edən tokendir. Hər bir NFT unikaldır, kopyalamaq və ya dəyişdiriliməsi mümkün deyil. NFT tokenlər xüsusi platformalarda ticarət olunur. Bunlardən ən məşhurları – OpenSea, Rarible, Mintable, SuperRare, Axie İnfinity, Fundation, NBA Top Shot, Nifty Gateway. Bu platformalarda NFT-ni almaq, satmaq və ya dəyişdirmək mümkündür. Bir qayda olaraq, ticarət prosesi kriptovalyuta (əsasən ETH) ilə həyata keçirilir. NFT-lər kriptovalyutalar kimi kripto-cüzdanda saxlanılır və onlarla əməliyyatlar aparıla bilər.

0