
"Sumqayıt" basketbol komandasının baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə müsahibə verib.
Apasport.az xəbər verir ki, mütəxəssis bir neçə mövzuya toxunub.
O, baş məşqçi postuna gəlişi ilə bağlı danışıb.
"Hər şeydən əvvəl mənə etimad göstərən klub rəhbərliyinə təşəkkür edirəm. Hərçənd bu vəzifəyə gələndə komanda B qrupunda sonuncu pillədə idi. İndi isə inamla turnir cədvəlinin ortasında qərarlaşmışıq. Topladığımız xallar və qazandığımız qələbələr çox yaxşı kollektiv olduğumuzu göstərir. Baş məşqçi təyin olunduqdan sonra heyətdə yer alan legionerlərin hamısını dəyişdim. Təəssüf ki, transfer əməliyyatını limit problemi ilə üzləşdiyimizə görə sona qədər başa çatdıra bilmədim. İndi sərəncamımda cəmi 4 legioner var. Halbuki beşincini də gətirə bilərdik. Sizi əmin edirəm, bunu etsəydik, qrupda ilk pillə uğrunda mübarizə aparardıq.
Bu komanda daha yaxşı təsir bağışlayır. Məncə, indiki heyət daha güclüdür. Amma ötənilki kollektivdən Roderik Smiti indi sıralarımızda görmək istəyərdim. Onun yeri görünür. Smit çempionata damğa vuran oyunçulardan idi. Təəssüf ki, buraya qayıtmadı və karyerasını Meksikada davam etdirmək qərarına gəldi".
Çalışdırıcı məhsuldarlıq baxımından yüksək nəticələr əldə etmələrinə də münasibət bildirib:
"Oyunda yüksək xallar toplamağı bacarırıq. Amma istərdik ki, yaxşı da müdafiə olunaq. Bu yöndə problemlərimiz var. Amma bunun da səbəbləri məlumdur. Ən əsası legionerləri rotasiya edə bilmədiyimizdən belə çətinliklə üzləşirik. Pley-in mərhələsində hansı komanda ilə qarşılaşacağımız elə də böyük önəm kəsb etməyəcək. Məqsəd qalib gəlib pley-offa çıxmaqdır".