UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" "Tvente" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Ağır səfərə yollanırıq. Həmin stadionda xoş xatirəmiz də var. Bu gün komandaya istirahət vermişdik. Sabah səhər məşqimiz olacaq".
- “Qarabağ” tarixinin ağır dönəmindən keçir. Konfrans Liqasında çıxış etmək nə dərəcə fayda verəcək?
- Belə dönəmlərimiz çox olub. Buna çətin deməzdim. Futbolun bir hissəsidir. Biz Avropada oynamaqdan vaz keçmək istəmirik. Adaptasiya baxımından da yaxşı olacaq.
- Son zamanlarda üzərinizdə təzyiq çoxdur...
- Hər zaman bütün Azərbaycan klublarının yanında olmalıyıq. Belə çətin dönəmlər, güclü rəqiblər olur. Mümkün deyil ki, hansısa komanda hər zaman çempion olsun, kuboklar qazansın. Futbol belə bir oyundur. İllərdir bu proseslər gedir. "Dinamo" ilə Bakıdakı oyundan sonra da belə fikirlər oldu. Biz öz yerimizdəyik, lakin digər rəqibləri də kiçiltmək lazım deyil. Bu, insanların bizə sevgisini azaldır. "Dinamo"nun əvvəlki ulduzları yoxdur. Amma yenə də "Dinamo"dur. Tarix yazacaq ki, "Qarabağ" bu klubu məğlub edib. Nə qədər kiçiltmək istəsələr də, tarixdə belə qalacaq. "Dinamo" mənim məşqçi karyeramda ən çətin, möhkəm rəqiblərdən biri idi.
Bu gün daha yaxşı ola bilərdik. Amma yolumuza davam edirik. Qorxmuruq, çəkinmirik. İşimizdən yorulmuruq. Hər zaman mübarizə aparırıq. Azarkeşlərimiz bundan narahat olmasınlar. Uğursuzluq həmişə olur.
- Bu "Tvente" ilə daha öncə qarşılaşdığınız "Tvente"nin fərqi nədir?
- Biz o dönəmdə daha yaxşı idik. Hazırda zədəli futbolçularımızın çox olduğunu nəzərə alaraq bunu deyirəm. "Tvente" bu gün çox kommunativ futbol oynayır. Dinamik futbolçuları çoxdur. Azarkeşlərin sevdiyi futbolu oynayırlar. Maraqlı oyun alınacaq. Hər dönəmin öz komandası, öz tələbləri var. Kim bu tələblərə dözürsə, o da uğur qazanır. Futbolçularımın üzərinə daha çox məsuliyyət düşəcək. Buna inanıram.
- Elvin Cəfərquliyevlə Abdullah Zubirin anlaşması çox yaxşı idi. Hazırda Zubirin mövqeyinə kimisə çəkməyi düşünürsünüz, yoxsa yeni transfer edəcəksiniz?
- Nadir hallarda belə tandemlər olur. Onların bir-birini tamamlaması bizim xeyrimizə idi. Mütləq ki, əvəzləmələr olacaq. Başqa kombinasiyalar düşünəcəyik. Hazırda Sefası düşünürük. Lakin onun travması var. Oynayıb-oynamayacağını bilmirik. Lakin axtarışlarımız gedir. Məşqçi daha çox öz istədiyi sistemə uyğun futbolçular axtarır.
- Zubirin gedişindən sonra "10" nömrəli formanı kimə verəcəksiniz?
- İstəyənlər çoxdur (gülür). Matçdan sonra baxacağıq.
- 12 mövsümdür ki, avrokuboklarda çıxış edirsiniz. Bu, üzərinizdə təzyiq yaradır?
- Təzyiq həmişə var. Onun olduğu yerdə də məsuliyyət yaranır. Bəzi futbolçular ikiqat həyəcanlıdırlar. Onlardan bu qədər tələbimiz olacağını gözləmirdilər. Yaxşısı odur ki, hər biri bunu anlayışla qəbul edirlər.
- İştirak ərizəsində dəyişiklik etməyi düşünürsünüz?
- Dünən bir dəyişiklik olmalı idi. Mümkün olmadı.
- Jeremi Qnalinin durumu nə yerdədir?
- Qnali perspektivli oyunçudur. Onun daha çox oynamağa ehtiyacı var. Bizdə həmin mövqedə Elvin, Toral çıxış edirdilər. Bu gün heyətimizdə Lanqa var. Qnali çox yaxşı futbolçudur. Lakin kluh axtarması ilə bağlı özünə bildirmişik.