Ruan Renato: Komandaya qollarla kömək etdiyim üçün çox xoşbəxtəm
09.07.2026 - 17:06
Ruan Renato: Komandaya qollarla kömək etdiyim üçün çox xoşbəxtəm

“Zirə”nin müdafiəçisi Ruan Renato UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan “Torpedo”suna qarşı keçirilən ilk oyundan sonra fikirlərini bölüşüb.

Dubla imza atan futbolçu "Apasport"a açıqlamasında görüşü dəyərləndirib:

“Çox çətin oyun oldu. Rəqibin bizdən daha hazır olduğunu bilirdik. Çünki onlar oyun ritmində idilər, biz isə mövsümöncəsi hazırlıqdan çıxmışdıq. Buna baxmayaraq, matça fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. İlk hissədə də, ikinci hissədə də yaxşı reaksiya verdik, qolları vurduq. Sonda rəqib təzyiqi artırdı, bu da normal idi. Çünki qol vurmaq istəyirdilər. Amma biz bu təzyiqə tab gətirdik və yaxşı nəticə qazandıq”.

Müdafiəçi cavab görüşündən əvvəl arxayınlaşmamalı olduqlarını vurğulayıb:

“Bilirdik ki, bu oyun bizim üçün çox vacibdir. Yaxşı nəticə əldə etdik, amma hələ heç nə həll olunmayıb. “Torpedo” Gürcüstanda çox güclü komandadır. Səfər matçına da ciddi hazırlaşmalıyıq”.

O, iki qol vurması barədə də danışıb:

“Müdafiəçinin əsas işi müdafiə olunmaqdır. Amma komandaya qollarla kömək etdiyim üçün çox xoşbəxtəm. Bu qollar bizə oyunda daha rahat olmağa imkan verdi. Qələbədə komanda yoldaşlarımın da böyük rolu var. Oyun ərzində yaxşı temp və intensivlik nümayiş etdirdik”.

Futbolçu komandanın qısa müddətdə oyuna yaxşı hazırlaşdığını bildirib:

“Bu, bizim üçün gözlənilməz vəziyyət idi. Avrokuboklara yollanacağımız xəbərini alanda artıq istirahətdə idik. Buna baxmayaraq, baş məşqçimiz və məşqçilər korpusu bizi bu oyuna maksimum hazır vəziyyətə gətirmək üçün yaxşı proqram hazırladı. Vaxt az idi, asan olmadı. Amma düşünürəm ki, hazırlıq uğurlu alındı. İndi növbəti oyuna da eyni ciddiyyətlə hazırlaşmalıyıq”.

Qeyd edək ki, matç "Zirə"nin 3:0 hesablı qələbəsi ilə nəticələnib.