
"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Şkendiya"nı 5:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Jeton Beqiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Bakıya mərhələ keçmək üçün gəlmişdiniz, amma tam fərqli nəticə oldu. Bunu necə izah edərdiniz?
- İlk növbədə "Qarabağ"ı və azarkeşlərini təbrik edirəm. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar. Oyuna gəldikdə, 1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur. Biz birinci hissədə çox pis oynadıq və 4 qol buraxdıq. Sabahdan oyunu analiz edəcəyik və Avropa Liqasının pley-off mərhələsi üçün motivasiya tapmağa çalışacağıq. "Qarabağ"a uğurlar arzulayıram.
- İlk oyunda fiziki problem yaşadığınızı demişdiniz. Sizcə, bu gün fiziki problem məğlubiyyətinizə səbəb oldu, yoxsa "Qarabağ"ın keyfiyyəti və səviyyəsi təsirini göstərdi?
- Çox səbəb var. İntensivlik və fiziki problem. Ən birinci problem odur ki, erkən qollar buraxdıq. Bu məsələdə problemləri həll etməliyik. Bizim çempionatla müqayisədə Çempionlar Liqasında gərginlik çox yüksəkdir. "Qarabağ"a uğurlar arzulayıram.
- Bu hesab sizin üçün sürpriz oldu, yoxsa gözləyirdiz?
- 1:5 nəticəsini gözləmirdik. Daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdik. Bizim üçün əhəmiyyətli olan təcrübələrdən dərs çıxarmaqdır. Bu oyunlardannəsə öyrənməyə çalışacağıq.