Bakıda keçirilən boks üzrə IBA Çempionlar Gecəsi ötən ilin ən yaxşı yarışları sırasında yer alıb.
Apasport.az xəbər verir ki, ABF-nin 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında reallaşan gecə təşkilatçılıq baxımından fərqləndirilib.
Bununla bağlı Beynəlxalq Boks Assosiasiyası (IBA) ABF-yə təşəkkür məktubu göndərib. IBA prezidenti Umar Kremlyov bildirib ki, Bakıya səfəri zamanı ABF tərəfindən göstərilən qonaqpərvərlik Azərbaycanın zəngin ənənələrinin parlaq əksi olub: “2024-cü il sentyabrın 28-də Bakıda keçirilən IBA Çempionlar Gecəsi təkcə Azərbaycan boksu üçün əlamətdar hadisə olmayıb, həm də 2024-cü ildə keçirilən üç ən yaxşı analoji yarışdan biri olub. Bu möhtəşəm nailiyyət bizim idman növümüzə baxışımızı və inkişafa sadiqliyimizi nümayiş etdirib”.
Həmçinin vurğulanıb ki, boksun inkişafına şərait yaratmaq, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər ən yüksək qiymətə layiqdir: “Əminəm ki, Azərbaycan bundan sonra da IBA və EUBS-in bayrağı altında keçirilən böyük turnirləri keçirməkdə davam edəcək”.
Qeyd edək ki, yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş keçirilib. Rinqə çıxan Azərbaycanın 4 boksçusu isə qələbə qazanıb.