Boksçularımız dünya birinciliyinə qələbə ilə start verib
24.10.2024 - 09:34
Boksçularımız dünya birinciliyinə qələbə ilə start verib

Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyinə qələbə ilə start verib.

Apasport.az xəbər verir ki, Qızbəs İsgəndərli (60 kq) 1/16 finalda Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib.

İsgəndərli 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.

63,5 kq çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. O, Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kq) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.

Qeyd edək ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.

0