İyulun 25-də Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.
İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxırlar. Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.
Turnirlə paralel olaraq, 24-26 iyul tarixlərində iştirakçılar üçün texniki seminarlar da keçirilir. Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə təşkil olunan seminarlarda iştirakçılar müasir texniki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəyin perspektivli idmançılarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu