“Avropa çempionatı artıq yaxınlaşır”.
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında cüdo üzrə kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman deyib.
O, hazırlıq prosesinin çox yüksək səviyyədə olduğunu vurğulayıb:
“Mart ayının sonlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak etdik. Son hazırlıqlarımızı Bakıda keçiririk. Əlbəyaxa döyüş olduğu üçün burada zədələrin olması qaçınılmazdır. 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev zədələndiyi üçün onu Turan Bayramov əvəzləyib. Avropa çempionatı ilin ən vacib idman yarışlarından biridir və biz, məşqçilər heyəti olaraq, bunu yaxşı anlayırıq. Əsas hədəfimiz isə dünya çempionatıdır. Ümid edirik ki, hər bir idmançımız uğurlu nəticə əldə edəcək".
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.