“Dünya kuboku 2024”ün 4-cü günü yekunlaşıb
04.05.2024 - 21:05
“Dünya kuboku 2024”ün 4-cü günü yekunlaşıb

Bu gün qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma növündə yarışlar keçirilib.

Apasport.az xəbər verir ki, qızıl və gümüş medallar Çindən olan atletlərin aktivinə yazılıb. Olduqca gərgin keçən final qarşılaşmasında Yuting Huang-Lihao Sheng cütlüyü Jiayu Han-Linshu Du ikilisini 17-15 hesabı ilə üstələyib.

Üçüncü yer uğrunda mübarizə tamaşaçıların böyük marağına səbəb olub. İtaliya və Avstriya komandalarının duelində birincilər 16-14 hesabı ilə qələbə qazanıb. Sofia Sessarello-Danilo Dennis Sollazzo bürünc medalların sevincini yaşayıb.

Mükafatlandırma mərasimindan sonra Sofia Sessarello yarışla bağlı təəssüratlarını bölüşüb:
“Bu, Bakıya üçüncü səfərimizdir. İlk dəfə bura gələndə şəhəri gəzmək imkanımız olmuşdu. Bakını və Bakı Atıcılıq Mərkəzini bəyəndiyimi deməliyəm. Burada yarışmaqdan məmnunuq.

Üçüncü yer uğrunda atışlar həqiqətən də gərgin keçdi. Böyük üstünlüyə sahib olduğumuz halda, rəqib komanda xalları bərabərləşdirdi.Bu da hər ikimizdə olan gərginliyin nəticəsiydi. Həmin anda məşqçimiz taym-aut götürdü deyə, üçlükdə müəyyən söhbətlər edib motivasiya aldıq. Və bunun nəticəsində qalib gəldik”.

0