Bu gün Bakıda kamandan oxatma idman növü üzrə Bakı şəhər kubokunun I mərhələsinin rəsmi açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, yarış Azərbaycan Kamandan Oxatma Federasiyası ilə Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin rəsmi hissəsində çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin idman sektorunun aparıcı məsləhətçisi və Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov yarışın əhəmiyyətini vurğulayaraq, idmançılara uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov öz nitqində Federasiya tərəfindən idmançıların həm fiziki, həm də texniki hazırlıqlarının artırılması istiqamətində görülən işlərdən bəhs edib. O, bu cür yarışların rəqabət mühitinin güclənməsində və yeni istedadların üzə çıxmasında mühüm platforma olduğunu qeyd edərək, Bakı şəhər kubokunun I mərhələsini açıq elan edib.
Rəsmi hissə yekunlaşdıqdan sonra yarışın təsnifat mərhələsinə start verilib.
Ümumilikdə 51 idmançı birincilik uğrunda mübarizə aparır. Böyüklər kateqoriyası üzrə iştirakçılar 70 metr, U15 kateqoriyası üzrə idmançılar (oğlanlar və qızlar) isə 40 metr məsafədə hədəfləri nişan alırlar. Bu gün keçirilən təsnifat mərhələsində toplanan xallar idmançıların final yolundakı reytinqini və rəqiblərini müəyyən edəcək.
Qeyd edək ki, proqrama uyğun olaraq sabah yarışın sıralama atışları keçiriləcək.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi