“Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı keçirilib
20.05.2024 - 19:09
“Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı keçirilib

Azərbaycan Braziliya ciu-citsu ictimai birliyinin təşkilatçılığı ilə “Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar bu şəhərin işğal günü kimi qeyd olunan 8 mayın məhz 2024-cü ildə geriyə köç tarixi ilə əvəzlənməsi münasibətilə baş tutub.

Birliyin prezidenti Aqil Acalov da seminardakı çıxışında bu məqama toxunub. O, bu tarixin artıq “Şuşaya qayıdış” günü kimi qeyd edildiyini vurğulayıb. Acalov ilk məqsədlərinin Azərbaycan gənclərində vətənpərvərlik hissinin aşılanmasına, bədən tərbiyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib və idmançılara uğurlar arzulayıb: “Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar “Şuşaya qayıdış” oldu. Uzun illər boyu biz 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu, “Şuşaya qayıdış” günü olaraq tarixə düşdü. Məhz buna görə də seminarımızın devizi “Şuşaya qayıdış” oldu”.

Azərbaycanda Braziliya ciu-citsu sənətinin Azərbaycanda banisi Taleh Həsənov seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən danışıb. O bildirib ki, əsas məqsəd idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxalq qaydalar ilə tanış etməkdir.

0