Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB
01.08.2026 - 20:52
Tofiq Musayevdən UFC-də ikinci qələbə  - YENİLƏNİB

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC oktaqonuna çıxıb.

Apasport.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini qazanıb.

“UFC Belgrade” adı ilə keçirilən turnirin əsas döyüşündə serbiyalı Uroş Mediç amerikalı Daniel Rodrigeslə qarşılaşacaq. Yarış Belgrade Arenada təşkil olunur.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. O, 2025-ci ilin iyununda Bakıda keçirdiyi debüt görüşündə Mıktıbek Orolbaya uduzub. Azərbaycanlı döyüşçü daha sonra 2026-cı il martın 28-də İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə məğlub edərək təşkilatda ilk qələbəsini qazanmışdı.

Belqraddakı uğurdan sonra Musayev peşəkar MMA karyerasında 24-cü qələbəsini əldə edib. Onun hesabında 6 məğlubiyyət var. Ludovit Klein isə karyerasında 6-cı məğlubiyyətini alıb.