Bakıda Dünya Kuboku keçirilir
22.02.2025 - 10:55
Bakıda Dünya Kuboku keçirilir

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku start götürüb.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparırlar.

Uçan gimnastlar ənənəvi olaraq mövsümü Azərbaycanın paytaxtında açırlar. İlk olaraq batut gimnastikası üzrə kişi və qadınlar arasında fərdi təsnifat mərhələsinin yarışları keçiriləcək.

Bu növ üzrə Azərbaycanı qadınlarda Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova və batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin qızıl medalçısı Şəfiqə Hümbətova, kişilərdə isə dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edirlər. Turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcəklər.

Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları da baş tutacaq. Bu növdə komanda hesabında dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qızıl mükafatçısı Aleksey Karataşov qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, Dünya kubokuna fevralın 23-də yekun vurulacaq.