Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
07.08.2026 - 12:34
Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, avqustun 4-6-da Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə yeniyetmələr (2013-cü il təvəllüdlülər) və gənclər (2011-2012-ci il təvəllüdlülər) arasında halqa, top, gürzlər və lent alətləri üzrə fərdi proqramın final yarışları baş tutub.

Finalın nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşib.

Yeniyetmələr arasında Amina Novruzova (BGM) iki, Güllüzar Şərifova (OCAQ) isə iki qızıl medal qazanıb. Gənclərin yarışında isə Nur Sadıqova (RKİM) halqa, top və gürzlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lent proqramında isə Leyla Nemakina (OCAQ) qızıl medala sahib çıxıb.

Üç gün davam edən çempionat ərzində gimnastlar fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, yarışın sonunda qaliblər medal və diplomlarla təltif olunublar. Turnir gənc gimnastların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və gələcək beynəlxalq yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyıb.