Avropa çempionu olan millimiz Vətənə qayıdıb
18.05.2024 - 15:58
Avropa çempionu olan millimiz Vətənə qayıdıb

Yunanıstanın Lutraki şəhərində keçirilmiş Avropa çempionatında 140 xal toplayaraq ilk dəfə komanda hesabında çempion olan Azərbaycanın U-15 millisi Vətənə qayıdıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) apasport.az-a bildiriblər ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, AGF-nin rəsmiləri, məşqçilər, idmançılar və media nümayəndələri qarşılayıblar.

Böyük məşqçi Namiq Quliyev tarixi uğur haqqında təəssüratlarını bölüşüb: “Xaçmaz Olimpiya İdman Kompleksində yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Bu da öz bəhrəsini verdi. Avropa çempionatından istədiyimiz nəticə ilə qayıtdıq. Qızıl medallarımızın sayı daha çox ola bilərdi. Rəşid Nazarov (52 kiloqram) son saniyələrdə çempionluğu əldən verdi. Komanda şəklində çempionluq qürurvericidir. Bu, hər məşqçiyə qismət olmur. U-15 komandası əsas yığma üçün təməldir. Bu uşaqlar gələcəkdə Olimpiya, dünya mükafatçıları olacaqlar. Bu yolda onlara uğurlar arzulayıram”.

Daha sonra Avropa çempionatında qızıl medal qazanan İbrahim Həsənov (41 kiloqram) və bürünc mükafatın sahibi Asim Əliyev (57 kiloqram) yarış barədə fikirlərini bildiriblər.

0