Nesta Messini seçmədi – “Ən güclü Ronaldo idi”
04.06.2026 - 20:11
Nesta Messini seçmədi – “Ən güclü Ronaldo idi”

İtaliya millisinin və “Milan”ın sabiq müdafiəçisi Alessandro Nesta bütün zamanların ən yaxşı futbolçusu ilə bağlı fikrini açıqlayıb.

Apasport.az xəbər verir ki, veteran futbolçu bu barədə “COPA90”a açıqlama verib.

Nesta Lionel Messini tarixin ən yaxşısı hesab etmədiyini bildirib. Onun sözlərinə görə, bu ada daha çox braziliyalı Ronaldo layiqdir:

“Messi bütün zamanların ən yaxşısıdır? Mənim fikrimcə, yox. Mənim üçün bu futbolçu braziliyalı Ronaldodur”.

Sabiq müdafiəçi Messi və Kriştiano Ronaldoya qarşı oynadığını, lakin həmin vaxt artıq karyerasının sonlarında olduğunu deyib. Nesta Ronaldoya isə 22 yaşında, UEFA kubokunun finalında rəqib olduğunu xatırladıb.

O bildirib ki, həmin oyundan sonra soyunub-geyinmə otağında özünə “daha artığını edə bilərdimmi?” sualını verib və cavabının “yox” olduğunu anlayıb:

“Çünki həyatımda gördüyüm ən güclü futbolçuya qarşı oynamışdım. Mənim edə biləcəklərim onu dayandırmağa yetmirdi”.

Nesta Messi və Kriştiano Ronaldo ilə mübarizə aparmağın mümkün olduğunu, lakin braziliyalı Ronaldonun fərqli səviyyədə olduğunu vurğulayıb:

“Messi və Kriştianoya qarşı oynayanda, qol vurmasalar belə, onlarla mübarizə apara bilərsiniz. Amma Ronaldo fərqli idi. Ona qarşı mübarizə aparmaq mümkün deyildi”.

Xatırladaq ki, Alessandro Nesta karyerası ərzində “Latsio” və “Milan”ın formasını geyinib. O, İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu olub, klub səviyyəsində isə 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.