İspaniyada keçirilən komandalar arasında dünya çempionatında gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan komandasının üzvü Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.
Apasport.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan komandasının dünya çempionatında son anda iştirak edəcəyi barədə məlumat veriləndə münasibətiniz necə oldu?
- Öncədən komanda olaraq bu yarışda iştirakı çox arzulayırdıq. Son anda dünya çempionatında mübarizə aparacağımızla bağlı qərar veriləndə sevincimiz böyük idi.
- Yarışda reytinq üzrə 7-ci komanda olduğunuz halda əsas hədəf nə idi?
- Yarışdan əvvəl reytinq üzrə neçənci komanda olmağımızla maraqlanmadıq. Qısa müddət qaldığı üçün ən çox rəqiblər barədə məlumat aldıq. Səmimi danışsaq fərq etmirdi neçənci komandayıq. Əsas hədəf layiqli şahmat oynamaqla mümkün qədər yaxşı nəticə göstərmək idi. İlk məqsəd qrupdan çıxacaq komandalar sırasında yer almaq oldu.
- Qrupda 4-cü yeri tutandan sonra pley-offda fərqli və əzmkar çıxışın sirri nədir?
- Pley-offda əzmkarlıq daha da yüksəldi. Komanda olaraq sona qədər mübarizə apararaq irəliləməyə çalışdıq. Linaresdə göstərdiyimiz oyuna görə bütün komanda yoldaşlarıma, kapitanımıza, məşqçilərə minnətdarıq.
- Geriyə baxanda çempionatda ən çətin oyun hansı oldu?
- Ən çətin oyun FIDE komandasına qarşı oldu. Həm final idi, həm də son oyun olmaqla bərabər rəqibin ən yaxşı heyətə malik olmasını qeyd etməliyəm. FIDE komandasında demək olar super ulduz şahmatçılar mübarizə apardı. Reytinqdə ilk onluqda olan və iyirmilikdə olan şahmatçılar güclü heyət formalaşdırıb. Düzünü desəm FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi. Bununla yanaşı Qazaxıstan komandasıyla oyunu da çətin mübarizə hesab edirəm. 8 oyunda bərabərlik qeydə alındı. Blitsdə udmağımız çətin olmaqla yanaşı həm də komanda ruhunu artırdı.
- Hansı qələbədən sonra finala vəsiqə qazanacağınıza inandınız?
- İspaniya komandası üzərində qələbədən sonra sona qədər irəliləyəcəyimizə inam yarandı. Bunun üçün bütün gücümüzü nümayiş etdirməyə hazır idik.
- Finalda yorğunluq, bəxtsizlik yoxsa rəqibin təcrübəsi. Hansı məqam komandamıza çətinlik yaratdı?
- Finalda yorğunluq var idi. Gün ərzində 10-12 saat şahmata baxırdıq. Təsəvvür edin, bu rejimdə gündə 2 oyun oynamaq necə çətinlik yaradır. İlk günlərdə bu çətinliyi hiss etmədik, amma sonradan Gürcüstan, Qazaxıstan, FIDE komandalarıyla matçlarda yorğunluq özünü göstərirdi.
- Dünya çempionatında gümüş medal böyük uğurdu. Bu nəticəni Ülviyyənin karyerasında ən böyük nəticə adlandırmaq olar?
- Gümüş medalın qızılın xəbərçisi olmasını istəyirik. Ümid edirik ki, Azərbaycan komandasının yüksəlişi və ən böyük uğurları irəlidədir.
- 1992-ci ildə futbol üzrə Danimarka millisi son anda Avropa çempionatına qatıldı və çempion oldu. Azərbaycan millisi də son anda dünya çempionatına qoşuldu və ikinci yeri tutdu. 33 il əvvəl Danimarka millisinin böyük uğurundan xəbəriniz var?
- Son anda yarışda iştirakımız təsdiqlənəndə Azərbaycan Şahmat Federasiyasınım prezidenti Mahir müəllim 1992-ci ildəki Avropa çempionatında Danimarka yığmasının keçdiyi yolu danışdı və bizə nümunə göstərdi. Həqiqətən idmanın hər sahəsi belədi. Son anda turnirdə iştirakın məlum olanda həm fərdi, həm komanda yarışlarında yaxşı nəticə göstərmək olur.Qızlarla bir-birimizə danışanda bu ənənəni davam etdirməyi düşünürdük. Çox sevinirik ki, dünya çempionatı kimi yarışda ikinci yeri tutduq.
- Sonda şahmat həvəskarlarına, sizi dəstəkləyənlərə nə demək istərdiniz?
- Bizə dəstək olan bütün insanlara təşəkkür edirik. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov, Qədir Hüseynov, federasiya prezidenti Mahir Məmmədova, ailəmizə, dostlara minnətdarıq. Ümid edirəm ki, gümüş medalımız gənclərə, uşaqlara böyük motivasiya olar. Bizim nəticəmiz onların ürəyində işıq yandırar və böyük nəticələr qazanarlar.
- "Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib
- Şahmatçılarımız dünya çempionatının 1/4 finalına yüksəlib - FOTO
- Azərbaycanı dünya çempionatında 14 şahmatçı təmsil edəcək
- Şahmat millimiz dünya çempionatında daha iki görüş keçirəcək
- “Gəncə Open” şahmat festivalına yekun vurulub - FOTO