Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib
02.06.2025 - 12:56
Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib

Bu gün Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Apasport.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və hesabat dövründə vəfat edən Azərbaycan şahmat ailəsinin üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. 

Konfransın gündəliyi təsdiq olunandan sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib. 

Sonra AŞF-nin 2022-2025-ci illər ərzində fəaliyyətinin qısa icmalının əks olunduğu video nümayiş etdirilib. 

AŞF-nin üzvlüyünə qəbulla bağlı ərizə ilə müraciət edəb şəxslərin siyahısı açıqlanıb və iştirakçılar tərəfindən təsdiqlənib. 

Səlahiyyət nüddəti başa çatdığına görə AŞF-nin İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səs vermədən sonra Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsinə üzv seçilib. 

AŞF-nin hazırkı prezidenti Mahir Məmmədovun növbəti 4 il müddətinə prezident postuna namizədliyi irəli sürülüb. Açıq səsvermədən sonra Mahir Məmmədov yekdilliklə növbəti müddət üçün AŞF-nin prezidenti seçilib. Faiq Həsənov Birinci Vitse-prezident, Bəxtiyar Məmmədovla Yaqub Hüseynov vitse-prezident vəzifəsinə təsdiqlənib. 

AŞF-nin nizamnaməsinə dəyişikliklər və İntizam Komissiyasının əsasnaməsi müzakirə edilərək təsdiqlənib. 

Federasiyanın büdcəsi müzakirə edilərək qəbul olunub. AŞF-nin Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2024-cü il üzrə hesabatları və yeni təklifləri müzakirə edilib. 

Bununla Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı işini yekunlaşdırıb.