Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan “Quba Open 2026” II Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.
A turnirində 9 partiyada 7 xal toplayan Misrətdin İskəndərov qalib olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə görə ikinci yeri tutub. Mixail Mozharov (FIDE) isə 6,5 xalla üçüncü olub.
B turnirində 8 xal toplayan Əli Məmmədov birinci yeri tutub. 7 xal toplayan Emin Gəncəliyev və Anar Bağışov müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.
Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rüstəm Rüstəmov rapid turnirində, Xaqan Əhməd isə blits yarışında qalib olub.
Qeyd edək ki, yarışda 11 ölkədən 300-dən çox şahmatçı iştirak edib. Ümumi mükafat fondu 24 420 manat olan festivalda klassik, rapid, blits və norma turnirləri təşkil olunub.
“Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış “Gəncə Open” olacaq. Festival oktyabrın 11-18-də keçiriləcək.