Millimizin üzvü: "Avstriya yığması güclü kollektivdir"
15.08.2024 - 16:32
Millimizin üzvü: "Avstriya yığması güclü kollektivdir"

"Belçika və Avstriya yığmaları ilə qarşılaşmalarda gözəl oyunla qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Apasport.az xəbər verir ki, bu fikirləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin blokçusu Mərdan Məmmədov Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq barədə danışarkən deyib.

O, yarışa hazırlıqlarının yaxşı keçdiyini bildirib: “Bir neçə gün sonra Avropa çempionatının təsnifat mərhələsində ilk oyunumuz olacaq. Ötən həftə Tbilisidə təlim-məşq toplanışında olduq. Orada Gürcüstan yığması ilə bir neçə yoxlama oyunu keçirdik və qələbə qazandıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Rəqiblərimizi analiz edirik. Avstriya millisi güclü kollektivdir. Belçika seçməsi ilə də Qızıl Avropa Liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz daha üstün olaq”.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə avqustun 17-də başlayacaq. Milli komanda ilk oyununu səfərdə Avstriya yığmasına qarşı keçirəcək.

0