![2 boksçumuz Avropa birinciliyininin 1/4 finalında](https://ww3.apasport.az/storage/news/2022/august/16/big/62fb3b3b478ef62fb3b3b478f0166063186762fb3b3b478ea62fb3b3b478ed.jpg)
Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha 2 idmançısı mərhələ adlayıb.
Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Kioaba (Rumıniya) ilə qarşılaşıb. Görüş təmsilçimizin 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Tsotne Muntçava ilə üz-üzə gələcək.
Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Georgiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib. Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. O, yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.
1/4 final mərhələsinin döyüşləri avqustun 17-də olacaq.
Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.