![Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq” - MÜSAHİBƏ](https://ww3.apasport.az/storage/news/2023/june/03/big/647b99117b528647b99117b5291685821713647b99117b526647b99117b527.jpg)
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun finalından sonra jurnalistlərə açıqlama verib.
Apasport.az-ın məlumatına görə, o, qələbə sevincini bölüşüb və gələcək planlardan danışıb: “Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı "Qəbələ" görmək istəyirəm”.
- Qələbəni gətirən əsas amil nə oldu?
- Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Kubokun qazanılması "Qələbə"nin büdcəsinin artmasına səbəb ola bilər?
- Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək.
- Baş məşqçi kimi ilk kubokunuzdur. Təəssüratlarınız necədir?
- Əlbəttə ki, kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm.
- Rəqib baş məşqçi son dəqiqələrdə feyr-pleyə qarşı çıxdı. Bu haqda nə deyə bilərsiniz?
- Onu da başa düşmək olar. Komandası məğlub olurdu. Belə etmək istəməzdi. Amma bu, futboldur. Belə hallar olur.