“Kəpəz”də transfer ehtiyacı – Azər Məmmədov mövqeləri gücləndirmək istəyir
15.07.2026 - 13:24
“Kəpəz”də transfer ehtiyacı – Azər Məmmədov mövqeləri gücləndirmək istəyir

“Kəpəz”in bəzi mövqelərdə güclənməyə ehtiyacı var".

Apasport.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları yoxlama matçını dəyərləndirib. O, ilk hissədə əsas heyət üzvlərinə şans verdiklərini bildirib:

“Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar. Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsəd oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir”.

Azər Məmmədov komandanın transfer çalışmalarını davam etdirdiyini də vurğulayıb:

“Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyac var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq”.

Baş məşqçi ikinci hissədə gənc futbolçulara və akademiya yetirmələrinə şans verdiklərini də qeyd edib:

“Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdılar. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar”.

Qeyd edək ki, “Kəpəz” yeni mövsümə hazırlıq çərçivəsində keçirdiyi yoxlama oyununda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olub.