“Kəpəz”in futbolçuları üçün seminar keçirilib
12.02.2025 - 15:55
“Kəpəz”in futbolçuları üçün seminar keçirilib

"Kəpəz"in akademiyasının futbolçuları üçün antidopinq, iqrçilik və oyun qaydaları ilə bağlı seminarlar təşkil olunub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Seminarlara Gəncə təmsilçisinin 15, 16, 17 və 19 yaşlılardan ibarət komandalarının üzvləri qatılıblar.

Mütəxəssislər irqçiliyə qarşı mübarizə tədbirlərindən danışarkən, təəssüf ki, müasir futbolda bu kimi hallara hələ də rast gəlindiyinə diqqət çəkiblər. Stadionlarda irqçi davranışların, şüarların yolverilməzliyi qeyd olunub. Komanda yoldaşına və ya rəqib oyunçulara qarşı ünvanlanan hər hansı etnik mənşəli çağırışın yanlış olduğu bildirilib. İrqçiliyə yol açan atmacaların, davranışların, məsələyə bu cür münasibətin futbolun nüfüzuna xələl gətirdiyi izah edilib. Kobud rəftardan uzaq durulması vurğulanıb.

Antidopinq qaydaları ilə bağlı reallaşan seminarlarda oyunçular tərəfindən dopinqdən istifadə edilmənin son nəticədə sağlamlığa mənfi təsir etdiyi bildirilib. Qadağan olunan preparatlardan yararlanmağın yanlışlığı qeyd edilib. Bununla ədalətli oyun prinsipinin pozulduğu diqqətə çatdırılıb. Dopinqin səbəb yaratdığı acı nəticələrdən bəhs olunub. Qanunvericiliyə uyğun olaraq dopinqə qarşı mübarizə tədbirləri önə çəkilib. Bundan istifadənin idmançıların cəzalanmasına, peşəsindən uzaq düşməsinə, müəyyən vaxt məhdudiyyətlərinin qoyulmasına yol açdığı söylənib. Bütün hallarda müvafiq qaydalara riayət edilmənin düzgün olduğu açıqlanıb.

Oyun qaydaları ilə bağlı seminarlarda oyunçuların meydandakı ümumi davranışına nəzər salınıb. Hər bir sahədə olduğu kimi idmanda da nizam-intizama əməl etməyin vacibliyi vurğulanıb. Məşqçilərin və hakimlərin verdiyi qərarlara etirazların nəyisə dəyişmədiyi bildirilib. Simulyasiya epizodları, düşüncəsiz qayda pozuntuları, ofsayd vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Oyunlardan mübahisə doğuran epizodlar görüntülü şəkildə müzakirəyə çıxarılıb, sual-cavab edilib.

Seminarlarda videoçarxlar nümayiş olunub.