"Turan Tovuz" klubunun Azərbaycan Kubokunun 1/4 final mərhələsndə "Kəpəz"lə oyundan sonra apellyasiya şikayəti qismən təmin edilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.
Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyevin hərəkətləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib. Buna görə "Turan Tovuz" komandasının baş məşqçisinə 3 oyuna buraxılmama, klubun özünə isə 6000 manat cərimə tətbiq olunub.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Xatırladaq ki, fevralın 5-də keçirilən "Turan Tovuz" – "Kəpəz" matçının 64-cü dəqiqəsində Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə almış, daha sonra hakimləri təhqir etmişdi. Buna görə AFFA İntizam Komitəsi məşqçiyə 4 oyunluq diskvalifikasiya, "Turan Tovuz"a isə 10000 manat cərimə vermişdi.